Son illər Vergi Məcəlləsində vergi ödəyicisinin vergi öhdəliklərinin uzadılması halları və şərtləri daha da konkretləşdirilib. Həmçinin, hansı hallarda buna icazə verilməsi və ya qadağan olunması ilə yanaşı, tələb olunan sənədlərin komplekləşdirilməsi məqsədilə də Məcəllədə müəyyən uyğunlaşdırmalar həyata keçirilib.
FED.az xəbər verir ki, iqtisadçı ekspert Anar Bayramov bununla bağlı yenilikləri şərh edir.
Yeni dəyişikliklər nəzərə alınmaqla vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri aşağıdakı hallarda Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər:
-Təbii fəlakət və təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə (maddə 85.6 1).
Təhlükə potensiallı obyektlərdə baş verən qəzalar nəticəsində vergi ödəyicisinə zərər dəyməsi halı yeni dəyişikliklə tənzimlənir.
- Vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda (Maddə 85.6.2.);
- "Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq, dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Maliyyə Nazırliyi) tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə (Maddə 85.6.3.).
1 yanvar 2022-ci il tarixdən tətbiq edilən dəyişikliyi nümunə ilə izah edək.
Misal 1: Vergi ödəyicisi “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq 3 milyon manatlıq dövlət sifarişi alıb. Ödəyici işləri tam başa çatdırandan sonra vergi orqanlarına təqdim etdiyi vergi bəyannamələrinə görə onun 250.000 manat məbləğində vergi öhdəliyi yaranıb. Vergi ödəyicisinə dövlətin borcu olduğundan o, vergi öhdəliyini yerinə yetirmək üçün likvid vəsaitə malik deyil. Bu halda vergi ödəyicisi Maliyyə Nazirliyi tərəfindən verilmiş, sifarişçinin borclu olduğunu təsdiq edən arayışı təqdim etdikdə vergi öhdəliyinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilməsi mümkün olur.
- Vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi həyata keçirildikdə (maddə 85.6.4.).
1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinə edilən əlavə mövsümi xarakterli malların təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlər göstərilməsi zamanı tətbiq olunur.
Misal 2: Dondurma satışı fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin qış aylarında satışı azaldığı üçün onun 20.000 manat vergi borcu yaranır. Bu halda, vergi orqanının Vergi Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan hallar nəzərə alınmaqla borcun ödənilməsi üzrə möhlət hüququnu tanıması mümkündür.
Bəs hansı hallarda möhlətə vaxtından əvvəl xitam verilə bilər?
Vergi Məcəlləsinin 85.14-cü maddəsində edilən dəyişikliyə uyğun olaraq, vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
- Vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə;
- Bu Məcəllənin 85.8.1-85.8.3-cü maddələrində nəzərdə tutulmuş hallarda:
- Vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarının şərtlərinə əməl edilmədikdə.
Qeyd edək ki, Məcəllənin 85.8.1-85.8.3-cü maddələrində nəzərdə tutulmuş hallar aşağıdakılardır:
- vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda;
- vergi ödəyicisi riskli vergi ödəyicisi olduqda;
- vergi öhdəliyinin məbləği vergi ödəyicisi tərəfindən məhkəmə və ya inzibati qaydada mübahisələndirildikdə.
Misal 3: Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinə möhlət verilmiş vergi ödəyicisinin cari fəaliyyəti zamanı o, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab edilib. Bu zaman vergi orqanı vergi öhdəliyinin yerinə yetirilməsi üzrə möhlət müddətinə xitam verəcək.
Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı (vergiler.az)