Türkiyədən gətirilən mallar Azərbaycana daxil olarkən aparılan gömrük prosedurları sadələşdiriləcək.
FED.az xəbər verir ki, bu barədə aprelin 14-də Dövlət Gömrük Komitəsi (DGK) ilə Türkiyənin Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclasında bildirilib.
İclasda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, komitə sədrinin müavinləri və aidiyyəti qurumların rəhbərləri, Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Gömrük qurumları arasında 8 sənədin imzalandığını xatırladan komitə sədri, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Komitə sədri gömrük sistemində aparılan islahatları, innovativ layihələri qeyd edərək bu zaman Türkiyə təcrübəsindən istifadə olunduğunu bildirib.
Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqay da gömrük-sərhəd buraxılış məntəqələrinin işinin səmərəli təşkili, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi barədə danışıb, əməkdaşlığın genişləndirilməsini vacib sayıb.
Görüşdə Dövlət Gömrük Komitəsi və Türkiyənin Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı müzakirə edilib.
Tədbirlər planında Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), risklərin idarə olunması, gömrük hüquqpozmalarına qarşı mübarizə sahələrində Türkiyə təcrübəsinin öyrənilməsi, əqli və sənaye mülkiyyət hüquqlarının qorunması əksini tapıb.
Bundan başqa, sənəddə gömrük-sərhəd buraxılış məntəqələrində tətbiq edilən prosedur və əməliyyatların sadələşdirilməsi və digər sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər göstərilib.
Sonda sözügedən tədbirlər planı imzalanıb.