Riskli vergiödəyicisi Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və ya riskli əməliyyatlar aparan şəxsdir.
Təcili: Vergi və gömrük rüsumları dəyişdiriləcək - BAŞ NAZİR TOPLANTI KEÇİRDİ
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergiödəyiciləri siyahısından çıxarılması barədə qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Vergiödəyicisinin əmtəəsiz əməliyyatlar aparması, fəaliyyət növünə uyğun olmayan malları vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim etməsi,
vergiödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda, beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergiödəyicilərinə aid edilir.
Vergiödəyicisinin apardığı bir sıra əməliyyatlar mövcud qanunvericiliyə əsasən riskli hesab edilə bilər. Vergiödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi müəyyən edildikdə və vergiödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə bunlar riskli əməliyyatlar kateqoriyasına daxil edilir. Riskli vergiödəyiciləri barədə məlumatın kommersiya və ya vergi sirri olmayan məlumat hesab edilməsi, onlara münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmaması, riskli vergiödəyicilərinin hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Ümumiyyətlə isə son illər vergi sistemində həyata keçirilən islahatlar, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması istiqamətində reallaşdırılan siyasət, haqsız rəqabətin qarşısının alınması, əmtəəsiz və riskli əməliyyatlar aparan vergiödəyicilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, leqal fəaliyyətin stimullaşdırılması mexanizmlərinin tətbiqi ilə bağlı görülən işlər sürətləndirilib. Davamlı iqtisadi inkişafa xidmət edən vergi islahatları şəffaf fəaliyyətin təmin olunduğu biznes mühitində daha səmərəli nəticələr verir. Bu səbəbdən də qeyri-leqal fəaliyyətə və vergi risklərinə qarşı nəzarətin gücləndirilməsi davamlı prosesdir və bu sahədə tətbiq edilən mexanizmlər təkmilləşdirilir.