Şirkətlər işçiləri ilə xidməti müqavilə bağlayıb sosial sığorta xərclərindən yayınırlar.
DVX-nin idarə rəisi: "Özəl pensiya fondları dövlətin sosial yükünü azalda bilər" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib.
"Vergi ödəyiciləri işçilərini vergi orqanlarında fərdi sahibkar kimi uçota aldıraraq minimum aylıq əməkhaqqının digər sahələrdə 25 faizi miqdarında olan məcburi dövlət sosial sığorta haqqını ödəməklə sosial sığorta haqqından yayınırlar. Şirkət adi qaydada 1000 manat gəliri olan işçisinə görə, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı üzrə 270 manat ödəməlidirsə, işçisini fərdi sahibkar kimi qeydiyyatdan keçirib bunun üçün 100 manat ödəniş edir"- DVX-nin idarə rəisi qeyd edib.
Nigar Vahabzadə əlavə edib ki, ötən il vergi orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində mülki müqavilə əsasında fəaliyyət göstərən 500-dən çox fiziki şəxs ilə əmək müqaviləsinin bağlanılması təmin edilib. Cari ilin 5 ayı ərzində isə keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsiz işə cəlb olunmuş 1000-dən çox şəxs aşkar edilib. (Apa)