Aşağı karbonlu iqtisadiyyata keçidin ədalətli olmasını təmin edərkən həssas icmaları qoruyan karbon qiymətlərinin inkişaf etdirilməsi çox vacibdir.
"Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir"
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun yekun çıxışında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
Onun sözlərinə görə, bu sosial aspektləri həll etməklə daha çox ictimai dəstək, eləcə də biznes dəstəyi əldə edilə bilər.
“Forumun bu iki günündən sonra həmkarlarımızla gəldiyimiz qənaət budur ki, bizdə karbon qiymətqoyma alətləri mövcud olsa da, onlar hələ də geniş deyil. Bununla belə, biz qiymət alətlərimizi yenidən dizayn etməliyik. Karbon qiymətqoyma, sadəcə, tənzimləmə vasitəsi deyil, həm də davamlı inkişaf üçün kollektiv öhdəlikdir. Karbon qiymətqoyma sistemini daha effektiv etmək üçün hökumətlər, bizneslər, qeyri-hökumət təşkilatları, icmalar və digər maraqlı tərəflər birlikdə işləməlidirlər”, - Samirə Musayeva qeyd edib.
Dövlət Vergi Xidmətinin rəis müavininin fikrincə, karbon qiymətqoyma “yaşıl” texnologiyalara investisiya qoyuluşlarını və innovasiyaları stimullaşdıra, yeni iş yerlərinin yaradılmasına səbəb ola bilər. Bu onu göstərir ki, ekoloji davamlılıq və iqtisadi artım birlikdə həyata keçirilə bilər.
“Biz öhdəsindən gəlməli olduğumuz çətinlikləri dərk etməliyik. Aşağı karbonlu iqtisadiyyata keçid möhkəm çərçivə, siyasi iradə və ictimai dəstək tələb edir. Karbon qiymətqoymanın müəyyən edilməsi mexanizmlərini tərtib edərkən və həyata keçirərkən cəmiyyətin bütün sektorlarının bu keçiddən faydalana bilməsi üçün inklüzivlik və əlçatanlıq prioritetləşdirilməlidir”, - Samirə Musayeva əlavə edib. (Vergiler.az)