Dünyanın başqa ölkələrində olduğu kimi, Azərbaycanda da qədim dövrlərdə dövlət xəzinəsi əsasən məğlub edilmiş hökmdarların nəzarət etdiyi ərazilərdə yaşayan əhalinin varidatının ələ keçirilməsi hesabına doldurulurdu. Qəsb edilən şəhər və kəndlərdən qənimət və bac alınırdı. Tutulan əraziləri özününküləşdirən dövlət başçıları sonralar əhalidən yalnız müəyyən məqsədlə vəsait toplayırdılar.
Əmlakın tikintisi zamanı ödənilmiş ƏDV əvəzləşdirilə bilərmi? - VİDEO
Şəhər ətrafında qala divarlarının ucaldılması, körpülər salınması, məbədlərin tikilməsi və xüsusilə də müharibələr böyük məbləğdə pul tələb edirdi və ona görə əhali vergi verməyə məcbur edilirdi. Lakin vergitutma sistemsiz idi və təsadüfi xarakter daşıyırdı. Puldan - daha doğrusu, qiymətli daşlardan və metallardan əlavə, əhalidən ərzaq məhsulları və süvarilər üçün atlar da alınırdı. Qədim Assuriya mənbələrində Urmiyaboyu vilayətlərdən alınan bac sadalanarkən at birinci göstərilib. Eramızdan əvvəl II minilliyin axırı - I minilliyin əvvəllərində bəzi vilayətlərdən yalnız at alınırdı. Assuriya hökmdarı II Sarqonun kitabəsində Manna vilayəti Subi barədə yazılıb:
"Bu vilayətdə yaşayan adamların süvari qoşun üçün ata təlim vermək sənətində tayı-bərabəri yoxdur. Öz geniş ölkəsində öz çar alayı üçün bəslənilən və hər il bac kimi alınan dayçaları böyüməyincə minmirlər, gərdiş etməyi, dövrə vurmağı, dönməyi, döyüş üçün bütün vacib olan vərdişləri öyrətməyincə bu dayçaları yəhərləmirlər".
Cənubi Azərbaycanda Subi vilayətinin Sanqibutu ilə həmsərhəd zonasında Uşkaya ilə Tarmakısa qalaları arasında Aniaştaniya adlanan yerdə çoxlu at saxlanılırdı. Assuriya çarlarının qiymətli metalları da zəbt etməsi və bac alması barədə məlumatlar indiyə qədər qorunub saxlanılıb. Məsələn, kitabələrin birində qeyd eidlir ki, hökmdar III Salmanasar bac olaraq qızıl-gümüş, mis və qurğuşundan hazırlanan qab-qacaq alırmış.
Azərbaycan ərazisində bizim eranın ilk əsrlərində vergilər
Eramızın ilk əsrlərində Azərbaycan ərazisində yaşayan əhali sinfi quruluşuna görə dörd zümrəyə bölünürdü:
- kahinlər,
- döyüşçülər,
- katiblər,
- vergi ödəyənlər.
Göründüyü kimi, ilk üç zümrəyə aid olanlar vergi vermirdilər. Həmin dövrdə Azərbaycan Sasanilər dövlətinin tərkibində idi. Sasani hökmdarı I Şapura aid kitabədə belə bir cümlə var: "Mən bütün bu çoxsaylı vilayətlərin əhalisini, sahiblərini və hakimlərini bizə bac verənə və rəiyyətimizə çevirdim".
Əlbəttə, ölkə əhalisi nə qədər çox olsaydı, vergi də çox yığılardı və hökmdarın xəzinəsi dolardı. Qədim dövlətlərin aramsız müharibələri ərazi zəbt etmək üçün aparılırdı və qalib məğlubu bac verənə çevirdiyinə görə fəxr edirdi.
Sasanilər hakimiyyəti dövründə atəşpərəstlik geniş yayılmışdı. Qədim salnamələrə görə, Sasani şahı II Yəzdigürd Albaniyaya qoşun çəkərkən özü ilə 300 kahin gətirmişdi. Onlar şahın göstərişi ilə bütün ölkəni gəzir və hər yerdə deyirdilər: "Əgər siz könüllü olaraq Zərdüştün qanununu qəbul etsəniz, hədiyyələr alıb şərəfə nail olacaqsınız. Çar sizi vergilərdən azad edəcək".
Qafqaz Albaniyasında uzun müddət Aquen məclisinin vergi qanunları qüvvədə olub. Həmin illərdə Azərbaycanda yaşayan əhalinin xeyli hissəsi xristianlığı qəbul edib və mühüm məsələlər kilsə məclislərində müzakirə olunub. 488-ci ildə Alban hökmdarı III Vaçaqan tərəfindən Aquen adlı sərhəd məntəqəsində çağırılan kilsə məclisi 21 qanundan ibarət hüquq məcəlləsi qəbul edib. Bu qanunlara görə, feodallar, zadəganlar və hökmdar nəslindən olan hər bir şəxs sağlığında vergi kimi bir yüyənli at və əlavə olaraq nə bacarırsa, onu verməliydi. Bu vergi "can payı" adlanırdı. Kim sağlığında can payını ödəmirdisə, ölümündən sonra onun ailəsindən alınırdı.
Kilsə ruhanilərinə verilən vergi o dövrün ölçü vahidlərinə görə aşağıdakı kimi nəzərdə tutulmuşdu:
Varlı adamların hər biri 4 qriv buğda, 6 qriv arpa və 16 ölçü çaxır verirdi. Yoxsul 2 qriv buğda, 3 qriv arpa və imkanı çatan qədər çaxır ödəyirdi. Əkin yeri və üzümlüyü olmayanlardan vergi alınmırdı. Qoyunu olan bir qoyun, üç çəngə yun, bir pendir, atı olan bir dayça, inəyi olan bir buzov verirdi.
Qaydaların dəqiq olmaması o dövrün vergi qanunlarının xarakterik xüsusiyyətidir. Məsələn, "qoyunu olan bir qoyun verir" nə deməkdir? Bəlkə elə fağırın bircə qoyunu var idi? Yaxud arpa və buğdanın qrivlə, çaxırın hansısa ölçü ilə ödənilməsini anlamaq olar, amma görəsən bir pendir, yaxud bir çəngə yun nə qədər imiş?
Mənbə: Akif Musayev, Aslan Qəhrəmanov. “Vergi mədəniyyəti” kitabı