Dövlətin aqrar sahənin inkişafı, idxaldan asılılığın minimuma endirilməsi, kənd yerlərində yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, ölkədə ərzaq bolluğu yaradılması, keyfiyyətli məhsullar istehsal etməklə onların ixracına nail olunması kimi məsələləri prioritet saydığı hamıya məlumdur.
Komitə sədri: "10 min hektarlarla əkinə yararlı torpaqlarda qeyri-qanuni tikintiyə yol verilib"
Bu sahədə artıq müəyyən işlər də görülmüşdür. "Made in Azerbaijan" brendi ilə bir çox məhsullarımız ixrac edilir. Bu isə istehsalçılara əlavə stimul verir və onlar daha çox və daha keyfiyyətli məhsul yetişdirib yaxşı gəlir əldə etməyə çalışırlar. Sözsüz ki, bu uğurların özəyində Prezident İlham Əliyevin aqrar sektorun inkişafı üçün hərtərəfli və ardıcıllıqla həyata keçirdiyi tədbirlər dayanır.
Torpağı əkib-becərmək, daha yüksək məhsul əldə etmək üçün fermerə, torpaq mülkiyyətçisinə, sahibkara subsidiyanın, güzəştli qaydada müxtəlif adda gübrələrin və s. verilməsi böyük dəstəkdir, maddi köməkdir. Təəssüflər olsun ki, bu kömək və dəstəkdən Cəlilabad rayonunun bütün torpaq mülkiyyətçiləri faydalana bilmirlər. Təkcə 2022-ci ildə rayondakı 35 mindən çox sahibkardan 23,4 mini subsidiya almaq imkanından məhrum olmuşdur. Səbəbi isə belə bir mühüm məsələyə rayonda əvvəldən qeyri-ciddi münasibət bəslənməsi, süründürməçilik və digər mənfi hallara yol verilməsidir.
Rəsmi sənədlərdən məlum olur ki, Prezidentin 16 iyul 1996-cı il fərmanı ilə təsdiq edilmiş "Torpaq islahatı haqqında" qanununa əsasən, Cəlilabad rayonunun 54 min 607 hektar ərazisində ilkin olaraq torpaq islahatı aparılmış və vətəndaşlara 32 min 542 sayda mülkiyyət hüququna dair dövlət aktı, habelə "Torpaq sahəsinin planı və ölçüsü" barədə sənədlər verilmişdir. Bundan bir neçə il sonra, yəni 2002-ci il sentyabrın 19-da Cəlilabad rayon Aqrar İslahat Komissiyası 7 saylı qərar qəbul etmişdir. Həmin sənədlə rayonun 29 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin tabeliyində olan 81 kənddə birinci torpaq islahatının nəticələri ləğv edilərək təkrar islahat aparılmışdır. Bununla əlaqədar 81 kəndin baş planı yenidən işlənmiş, siyahılar tərtib olunmuş, ailələrin say tərkibi müəyyənləşdirilmiş və məlumat bazasına yerləşdirilmişdir.
Ümid etmək olardı ki, torpaq mülkiyyətçiləri, fermerlər bundan sonra subsidiya və güzəştli şərtlərlə verilən gübrələri almaq imkanı əldə edəcəklər. Lakin bu dəfə də onların hüquqları bərpa olunmamışdır. Çünki 81 kənddə yaşayan 7 min 125 ailənin istifadəsində olan 22 min 561 hektar torpaq sahəsinə aid hüquqi sənədlər bugünədək mülkiyyətçilərə verilməyib. Səbəbi aparılan islahat nəticəsində verilən dövlət aktındakı məkan göstəriciləri ilə istifadə vəziyyəti arasındakı uyğunsuzluğun olmasıdır. Müvafiq dövlət sənədinə əsasən, Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sisteminin yaradılması məqsədilə yenidən ölçmə işləri aparılmışdır. Rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi qaydalarına uyğun olaraq rayon ərazisindəki mülkiyyətçilərin və icarəçilərin istifadəsindəki sahələrin döngə nöqtələrinin koordinatları real istifadə vəziyyətinə uyğun müəyyənləşdirilmişdir.
Təkrar islahat aparılmış 81 kəndin 36-da torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı ölçmə işləri yekunlaşdırılaraq 5 min 670 mülkiyyətçidən 4 min 921-i hüquqmüəyyənləşdirici sənədlərlə təmin olunmuşdur. Qalan 45 kənddə bu işlər davam edir. İşin belə yubadılması nəticəsində, qeyd etdiyimiz kimi, keçən il 23 min 492 torpaq mülkiyyətçisi və fermer dövlət tərəfindən onlar üçün nəzərdə tutulmuş 13 milyon 117 min 650 manat subsidiyanı ala bilməmiş, digər güzəştlərdən istifadə etmək hüququndan məhrum olmuşlar.
Məsələnin həlli, yəni indiki halda torpaq mülkiyyəti haqqındakı lazım olan sənədlərin hazırlanıb mülkiyyətçilərə, fermerlərə, sahibkarlara təqdim edilməsi və "Vahid pəncərə" sistemi ilə subsidiyaların, güzəştlərin təmin olunması Kənd Təsərüfatı Nazirliyinin və Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) üzərinə düşür. ƏMDX-nin Cəlilabad rayonunda yerləşən Regional İdarəsinin rəisi Adil Həbiyev isə bu qədər sənədin hazırlanmasına vaxtlarının və fiziki imkanlarının olmadığını deyir. Halbuki əlavə işçilər cəlb etməklə məsələnin həllini sürətləndirmək mümkündür. Sadəcə, təşəbbüs göstərmək, can yandırmaq lazımdır. Bunu etməyəndə, məhsul istehsal edən kəndli fermer dövlətin güzəştlərindən yararlanmaq üçün müxtəlif təşkilatların qapısını döyməli olur, vaxt itirir. Gecikdirilən, vaxtında verilməyən subsidiya da "daldan atılan daş" kimidir, hədəfə dəymir. Təsərrüfat işlərində isə hər bir aqrotexniki tədbiri vaxtında həyata keçirmək başlıca şərtdir.
Onu da qeyd edək ki, analoji hal digər rayonlarda da mövcuddur. O üzdən adıçəkilən nazirlik və dövlət xidməti öz təqsirləri üzündən yaranan bu nöqsanı tezliklə aradan qaldırmalıdırlar. (Azərbaycan)