Azərbaycanda dövlət torpaqlarının icarə haqqı 50 % -ədək aşağı salınır.
ƏMDX: İri torpaq sahələrinin icarəsi üçün güzəştli əmsallar tətbiq olunacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdir müavini Ehtiram Babayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qəbul olunan yeni qərar çərçivəsində torpaq sahəsinin həcmi böyüdükcə daha aşağı əmsallar işə düşəcək və bunun nəticəsində icarə haqqında 50 %-ə qədər azalma baş verəcək.
"Belə ki, 5 000 kvadratmetrə qədər olan torpaq sahələri üçün 1 əmsal müəyyən ediləcək. 5 001-10 000 kvadratmetr aralığındakı hissə üçün 0,8, 10 001-50 000 kvadratmetr aralığındakı hissə üçün 0,7, 50 001 kvadratmetrdən artıq olan hissə üçün isə 0,5 əmsal nəzərdə tutulub. Qərar Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə icarəyə verilən torpaq sahələrini, o cümlədən özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən tikilmiş obyektlərin yerləşdiyi dövlət torpaqlarını əhatə edir".
E. Babayevin bildirdiyinə görə, əvvəlki qaydalara uyğun olaraq Bakı şəhərində torpaq sahələrinin icarə haqqı bazar dəyərinin 3 %-i, regionlarda isə 2 %-i səviyyəsində hesablanırdı: "Yeni dəyişikliyə əsasən həmin hesablama prinsipi qüvvədə qalır, lakin bundan əlavə torpaq sahəsinin ölçüsünə müvafiq əmsallar da tətbiq olunacaq. Qərarın başlıca hədəfi iri həcmli torpaq sahələrinin icarəyə verilməsini stimullaşdırmaq və istifadə edilməyən torpaqların iqtisadi dövriyyəyə cəlb olunmasını təmin etməkdir".













