Bu ilin ilk 10 ayında (yanvar-oktyabr) Azərbaycana ümumi dəyəri 13 milyon 218 min dollar olan 3 min 88 ton təzə və ya soyudulmuş alabalıq idxal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, alabalıq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 792 min dollar və ya 26,8%, miqdar ifadəsilə isə 629 ton, başqa sözlə 25,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 10 milyon 426 min dollar dəyərində 2 min 458 ton alabalıq gətirilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal edilən alabaxlığın 1 kiloqramının orta idxal qiyməti 7 manat 28 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 7 manat 21 qəpik idi. Bu da illik müqayisədə 7 qəpik və ya 1% bahalaşma deməkdir.
İdxalın mütləq əksəriyyəti - 98,7%-i qonşu İran İslam Respublikasının payına düşüb. Belə ki, bu ilin ilk 10 ayında Azərbaycan İrandan 13 milyon 46 min dollar dəyərində 3 min 68 ton təzə və ya soyudulmuş alabalıq idxal edib.
İrandan alabalıq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 715 min dollar və ya 26,3%, miqdar ifadəsilə isə 621 ton, başqa sözlə 25,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində İrandan 10 milyon 332 min dollar dəyərində 2 min 447 ton alabalıq gətirilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə İrandan idxal edilən alabaxlığın 1 kiloqramının orta idxal qiyməti 7 manat 23 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 7 manat 18 qəpik idi. Bu da illik müqayisədə cəmi 5 qəpik və ya 0,7% bahalaşma deməkdir.
Bu il İran Azərbaycanın ümumi alabalıq idxalının dəyərcə 98,7%-ni, miqdarca isə 99,4%-ni təmin edib.
İrandan sonra ikinci ən böyük tədarükçü Norveç olub. Bu ölkədən 161 min dollar dəyərində 19,8 ton alabalıq idxal edilib. Qeyd edək ki, ötən il Norveçdən alabalıq idxalı qeydə alınmamışdı.
Həmçinin, bu il tədarükçülər siyahısına çox kiçik həcmlərlə Niderland (9,4 min dollar) və Böyük Britaniya (740 dollar) da daxil olub.
Niderlanddan idxal olunan alabalığın bir kiloqramının orta idxal qiyməti 533 manat 24 qəpik təşkil edib.
Böyük Britaniyadan idxal olunan bu balığın bir kiloqramının orta qiyməti 41 manat 94 qəpik olub.
Norveçdən gətirilən alabalığın bir kiloqramı Azərbaycana orta hesabla 13 manat 82 qəpiyə başa gəlib.
Bununla yanaşı, ötən il tədarükçülər sırasında olan Türkiyə və Polşa bu il bazarı tərk edib. Xatırladaq ki, 2024-cü ilin 10 ayında Türkiyədən 86 min dollarlıq 11,3 ton, Polşadan isə 8,5 min dollarlıq cüzi həcmdə alabalıq idxal edilmişdi. Bu il həmin ölkələrdən tədarük tamamilə dayanıb.











