Bu ilin ilk 10 ayında (yanvar-oktaybr) Azərbaycana ümumi dəyəri 39 milyon 762 min dollar olan 9 min 708 ton iribuynuzlu mal əti (təzə, soyudulmuş və dondurulmuş) idxal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mal əti idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 735 min dollar və ya 1,9% artsa da, miqdar ifadəsilə 30 ton, başqa sözlə cəmi 0,3% azalıb. Yəni, idxalın fiziki həcmi demək olar ki, dəyişməyib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-okatybr ayları ərzində Azərbaycana 39 milyon 27 min dollar dəyərində 9 min 738 ton mal əti gətirilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycana idxal edilən mal ətinin 1 kiloqramının orta idxal qiyməti 6 manat 97 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 6 manat 82 qəpik idi. Bu da illik müqayisədə 15 qəpik və ya 2,2% bahalaşma deməkdir.
Hesabat dövründə Azərbaycanın mal əti idxal etdiyi ölkələrin siyahısında və onların payında ciddi dəyişikliklər baş verib:
Ukrayna: Ötən il olduğu kimi bu il də ən böyük tədarükçü olsa da, payı əhəmiyyətli dərəcədə azalıb. Bu il Ukraynadan 23,2 milyon dollarlıq 5 min 125 ton ət idxal edilib. Bu, ötən illə müqayisədə dəyərcə 1,8 milyon dollar (7,2%), miqdarca isə 518 ton (9,2%) azalma deməkdir.
Braziliya: İkinci ən böyük tədarükçü mövqeyini möhkəmləndirib. Braziliyadan idxal dəyərcə 1,7 milyon dollar (27,3%), miqdarca isə 445 ton (21,8%) artaraq 7,7 milyon dollara və 2 min 482 tona çatıb.
Belarus: İdxal ötən illə müqayisədə dəyərcə 807 min dollar (20,1%), miqdarca isə 33 ton (3,2%) artaraq 4,8 milyon dollara və 1055 tona yüksəlib.
Hindistan: Ən kəskin artım göstərən ölkələrdən biridir. Hindistandan idxal dəyərcə 919 min dollar (43,4%), miqdarca isə 227 ton (32,8%) artaraq 3 milyon dollara və 920 tona çatıb.
Rusiya: Rusiyadan idxal da əhəmiyyətli dərəcədə artıb. İdxal dəyərcə 72% artaraq 453 min dollara, miqdarca isə 15% artaraq 98,5 tona çatıb.
Ən diqqətçəkən yenilik qonşu Gürcüstanın tədarükçülər sırasına qoşulmasıdır. Ötən il bu ölkədən mal əti idxalı qeydə alınmasa da, bu il Gürcüstandan 103 min dollar dəyərində 2,33 ton məhsul alınıb.
Digər yeni tədarükçülər arasında Yaponiya da var. Bu ölkədən 10,8 min dollarlıq 100 kq mal əti idxal edilib ki, bu da məhsulun yüksək qiymətindən xəbər verir. Bundan əlavə, İrlandiya və Kanada kimi ölkələrdən də cüzi həcmdə idxal qeydə alınıb ki, ötən il bu ölkələrdən tədarük yox idi.
Bununla yanaşı, ötən il mal əti tədarük edən bəzi ölkələr bu il bazarda təmsil olunmayıb. Ən böyük itki Pakistanın payına düşür. 2024-cü ilin 10 ayında Pakistandan 87,5 min dollar dəyərində 31,25 ton mal əti idxal edildiyi halda, bu il bu ölkədən tədarük tamamilə dayandırılıb.
Həmçinin, ötən il Lüksemburqdan (20,7 min dollar) və Misirdən (2,5 min dollar) həyata keçirilən kiçik həcmli idxal da bu il baş tutmayıb.












