Məzuniyyət vaxtı üçün orta əməkhaqqı Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmalıdır.
Yeni işə qəbul olunan işçi ödənişsiz məzuniyyətdən istifadə edə bilərmi?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, işçinin ona məzuniyyət verildiyi aydan əvvəlki 12 təqvim ayı üzrə əməkhaqqı cəmlənir, alınan məbləği 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği müəyyən edilir. Müəyyən edilmiş məbləğ 30,4-ə bölünməklə bir günlük əməkhaqqının məbləği tapılır və həmin məbləğ məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Məzuniyyətdən əvvəlki 12 təqvim ayı üzrə hesablama aparılan zaman qismən ödənişli sosial məzuniyyət, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət və ya işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar tam işlənilən yaxın təqvim ayları ilə əvəz olunur. Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması nəticəsində alınan məbləğ, Məcəllənin 111-ci maddəsinə əsasən, işçinin sonuncu əmək haqqından az olmamalıdır. Sonuncu əməkhaqqı dedikdə işçinin məzuniyyətə getdiyi vaxtda qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş əməkhaqqı nəzərdə tutulur.
Hansı gəlirlər nəzərə alınır, hansı alınmır?
Nazirlikdən verilən açıqlamaya əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli Qərarı ilə təsdiq edilib. Siyahıda məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan ödənişlər aşağıdakılardır:
- faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı;
- müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar;
- kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əmsallar və əlavələr (əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində, gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;
- uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
- səhra, susuz və yüksək dağlıq yerlərdə əmsallar üzrə əlavə ödənişlər;
- iş vaxtından artıq iş saatlarının ödənilməsi;
- istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödənilmə;
- işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarına yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
- müvəqqəti əvəzetməyə görə ödəmə;
- qanunvericilikdə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda;
- məcburi işburaxma dövrünün ödənilməsi;
- əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əməkhaqqı;
- əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;
- qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı.
Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmayan ödənişlər aşağıdakılardır:
- birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);
- işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;
- əmək alətlərinin, vasitələrinin və digər əşyaların amortizasiyasına görə pul əvəzi;
- maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;
- ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;
- ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xərclərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;
- işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;
- qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);
- sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
- başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;
- istehsalatdan tam və ya qismən ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;
- yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;
- gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəni qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələr, idarələr, təşkilatların hesabına ödənilən müavinətlər;
- mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr;
- istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.
Daha bir yenilik: ödənişin vaxtı dəyişib
Əmək Məcəlləsinə edilən dəyişikliklərdən biri də məzuniyyət vaxtı üçün orta əməkhaqqının verilməsinin başqa müddətlərinin müəyyən edilməsi ilə bağlıdır. Nazirlikdən bildirilib ki, son dəyişiklikdən əvvəl Məcəllənin 140-cı maddəsinin 5-ci hissəsinin tələblərinə görə, məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməli idi: “Lakin təcrübədə bəzi hallarda işəgötürən tərəfindən bu tələbə əməl edilməsi mümkün olmurdu və yekunda məzuniyyət haqqını 3 gün əvvəl ödəməyən işəgötürən qanunvericiliyin tələblərini pozduğu üçün onun inzibati məsuliyyətə cəlb edilməsi riski yaranırdı. Son dəyişikliklə məzuniyyət haqqının başqa müddətlərdə verilməsi ilə bağlı yeni imkan yaradılib. Lakin bu halda 2 əsas şərtə əməl edilməlidir:
a) Məzuniyyət haqqının başqa vaxtda verilməsi mütləq şəkildə əmək müqaviləsində və ya kollektiv müqavilədə müəyyən edilməli;
b) Bu müddət növbəti əməkhaqqı (avans və ya qalan hissənin verilməsi) verilən gündən gec olmamalıdır”.
Orta əməkhaqqının saxlanılması məsələsinə gəlincə, qeyd olunub ki, Əmək Məcəlləsində müəyyən edilən hallarda işçi faktiki olaraq əmək funksiyasını icra etmir. Lakin işçiyə həmin günlər üçün əməkhaqqının verilməsi məcburidir. Bu zaman orta əməkhaqqı saxlanılır. Orta əməkhaqqının hesablanması qaydası isə əmək məzuniyyəti zamanı Məcəllənin 140-cı, digər qalan hallarda isə Məcəllənin 177-ci maddəsi ilə tənzimlənir.
“Orta əməkhaqqının saxlanılması işçi məzuniyyətdə (əmək, təhsil və ya yaradıcılıq) olarkən, habelə Məcəllənin 179-cu maddəsində sadalanan hallarda (məsələn, şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda, fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə, işəgötürən tərəfindən istehsalatdan tam və ya qismən ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərildikdə; yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə, müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə, donor olan işçilər tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini verdikləri gün, tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində və s.) tətbiq edilir”, – nazirliyin açıqlamasında qeyd olunub. (vergiler.az)










