Sığorta sektorunda siniflər üzrə ən böyük artım həyat sığortasındadır. FED.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 115 milyon 597 min manat sığorta haqqı toplanılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə (2017-ci ilin yanvar-aprel aylarında 54 milyon manat) çoxdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala görə,həyat sığortası üzrə ödənişlər 30 milyon 813 min manat olub. Ödənişlərin 30 milyon 290 min manatı həyatın yaşam sığortası üçün həyata keçirilib.
Sığorta yığımlarının strukturuna baxsaq, ən böyük müştərilər də elə bu növ üzrədir: 96 milyon 707 min manat. Ötən ilin müvafiq dövründə isə yaşam sığortası üzrə yığmlar 46 milyon manat idi.
Maraqlı fakt odur ki, özünü ölümdən sığortalayanların sayı sürətlə artır. Bu ilin 4 ayında həyatın ölüm halından sığortası üzrə yığımlar 17 milyon 983 min manat olub. Halbu ki, ötən ilin eyni dövründə cəmi 7 milyon manat idi. Həyatın ölüm halından sığortasına bir il əvvəl sığortaçılar 941 min manat ödəniş vermişdilər. Bu ilin 4 ayında isə ödənişlər 522 min manat olub. Başqa sözlə, ötən ilin eyni dövründə sığorta yığımları az olsa da müştərilər arasında ölüm halları çox olub ki, sığorta şirkətləri 941 min manat ödəyiblər. 2018-ci ilin yanvar-aprel aylarında isə yığımlar artıb, ölüm halları isə azaldığından ödənişlər də düşüb.
Bu ilin 4 ayında əmək qabiliyyətinin sığortası 881 min manat, sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar isə 25 min manat təşkil edib.
İlhamə Abdullayeva