Havaların isti keçməsi həm xəstə, həm də sağlam insanlarda müəyyən problemlər yarada, riskləri artıra bilər. Aparılan tədqiqatlar da göstərir ki, isti havalarda ürək tutmaları və miokard infarktlarına daha çox rast gəlinir.
Trend-in məlumatına görə, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev bildirib ki, ürək səbəbindən ölüm halları yay aylarında artır.
Onun sözlərinə görə, bəzi epidemioloji tədqiqatlar göstərib ki, qızmar havaların daha çox olduğu illərdə, xüsusilə yaşlı və yanaşı xəstəliyi olan xəstələrdə ürəklə əlaqədar ölüm halları daha çox qeydə alınır.
Həkim qeyd edib ki, ürəyinə stent qoyulmuş, şuntlama əməliyyatı, qapaq əməliyyatı keçirmiş xəstələr, qan durulducu dərmanlar qəbul edən insanlar, hipertoniya xəstələri və şəkər xəstələri daha çox risk qrupundadır: “İsti və nəmli hava ürək-damar, hipertoniya xəstəlikləri və ürək çatışmazlığı üçün riskləri artırır. İsti havalar bədəndən maye, duz və elektrolit itkisinə səbəb olur. Eyni zamanda, qan qatılaşır və laxtalanmaya meyilliliyi artır. Dərinin qan dövranı bu məsələdə böyük əhəmiyyətə malikdir. Dərinin damarları soyuqda büzüşür, istidə isə genişlənir. Beləliliklə, dəri temperatur itkisini azaldır və ya artırır. Bu isə öz növbəsində ürəyin iş yükünü artırır, ürəyin daha çox və daha sürətli işləməsini tələb edir”.
K.Musayev deyib ki, ürək çatışmazlığı olan xəstələrdə qanın dəriyə çox yönəlməsi digər həyati orqanlarda qan dövranının azalmasına yol aça bilər: "İsti havalarda tərləmə ilə bərabər, su (maye) itiririk. Onu da deyim ki, bədənin soyumasına səbəb tərləmə deyil. Tərin buxarlanması nəticəsində bədənimiz soyuyur. Bu su ilə birlikdə orqanizmimizdə çox vacib olan duz və elektrolitləri də itiririrk. Nəticədə damarlarda dolaşan mayenin miqdarı, qanın durulaşması azalır və qan qatılaşır. Bu da orqanizmdə tromblaşma hadisələrinə meyli artırır”.
K.Musayev əlavə edib ki, ürək damarlarında tromblaşma ürək infarktına, beyin damarlarında tromblaşma insulta gətirib çıxarır: "Eyni zamanda, böyrəklərdən keçən qan miqdarı da azalır və bu da öz növbəsində böyrək funksiyalarına mənfi təsirini göstərir. Bunu tarazlamaq üçün böyrək və böyrəküstü vəzlərdən müəyyən maddələr ifraz olunur. Bu maddələrin təsiri ilə damarlar büzüşür və ani təzyiq yüksəlmələri ola bilir. Bu isə ürək çatışmazlığına səbəb ola və ya mövcud olan ürək çatışmazlığının əlamətlərini artıra bilər”.
K.Musayev əlavə edib ki, hipertoniya xəstələri isti və nəmli havalara xüsusilə diqqət yetirməlidirlər. Belə havalarda hipertoniya əleyhinə istifadə edilən dərmanlar yenidən nizamlanmalı, sidik qovucu dərmanlar istifadə edənlər su qəbuluna diqqət etməlidirlər: "Yay fəslində su qəbulu artırılmalıdır, çünki su qəbulunun tarazlanmaması halında ani təzyiq düşmələri və böyrək funksiyalarında pozulmalar baş verə bilər. Kalsium kanal blokatorları istifadə edənlərdə isə yay fəslində ayaqlarda daha çox şişlik görülə bilər. Bu dərmanın da dozası üçün yay fəslində mütləq həkimə yenidən müraciət edilməli və dərman qəbulu yenidən nizamlanmalıdır”.