“Bir Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il “Bir Kredit” BOKT gəlir əldə etməyə başlayıb, xərcləri isə sabit qalıb. Nəticədə şirkət yenə də zərərlə işləyib, amma zərər iki dəfə az olub.
Beləliklə, ötən il “Bir Kredit” BOKT-un əsas əməliyyat gəlirləri 240 min manat olub. Əlavə 29 min manat isə faiz gəlirləri kimi daxil olub. 2024-cü ildə bu gəlirlər olmamışdı. Əvəzində sair əməliyyat gəlirləri 19 dəfə azalaraq 4,5 min manata düşüb.
Nəticədə il ərzində “Bir Kredit” BOKT-un cəmi əməliyyat gəlirləri 3,2 dəfə artaraq 274 min manata bərabər olub.
2025-ci ildə “Bir Kredit” BOKT-un kommersiya xərcləri də kəskin artıb – həmin xərclər 24,4 dəfə artaraq 367 min manata, inzibati xərclər 105 min manatı keçib (37,3% artım), əmək haqqı xərcləri isə 40% artaraq 105 min manata çatıb. Nəticədə BOKT-un cəmi əməliyyat xərcləri 2024-cü ildəki 488 min manatdan 2025-ci ildə 481 min manata enib.
Yekunda “Bir Kredit” BOKT-un 2025-ci il üzrə zərəri xalis zərəri 207 min manat təşkil edib. Bu, 2024-cü ildəki 402 min 855 manat zərərdən təqribən 2 dəfə azdır.
2025-ci ildə “Bir Kredit” BOKT-un aktivləri 25% artaraq 109 milyon manata çatıb. Aktivlərin böyük hissəsi – 97 milyon manatı investisiyaların payına düşüb İnvestisiyalar son bir ildə 10,5 milyon manat artıb. Digər tərəfdən sair uzunmüddətli maliyyə aktivlərinin həcmi 12 milyon manata çatdırılıb, halbuki, 2024-cü ildə uzunmüddətli maliyyə aktivləri olmamışdı.
Ötən il “Bir Kredit” BOKT kredit almağa başlayıb. Nəticədə onun öhdəlikləri 10 milyon manatı keçib.
Yekunda 2025-ci ilin sonunda “Bir Kredit” BOKT MMC-nin cəmi kapitalı 98 milyon manata bərabər olub. Bu, 2024-cü ilə nisbətən 11 milyon manat artıqdır. İndiyədək 1,4 milyon manat yığılmış zərər var.
Nəhayət, 2025-ci ildə “Bir Kredit” BOKT-un 14 filialı bağlanıb, işçilərinin sayı 19-dan 11-ə düşüb.
Xatırladaq ki, “Bir Kredit” BOKT-un səhmlərinin 100%-lik hissəsi “Kapital Bank” ASC-yə məxsusdur.


















