Banner

Qarabağ

“İstəyirəm xalq danışıqlarla bağlı bu məlumatı məndən eşitsin”

“İstəyirəm xalq danışıqlarla bağlı bu məlumatı məndən eşitsin” | FED.az
12:20 1 Dek 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünkü xalqa müraciətindən:

Eləcə də bax: Prezidentin xalqa müraciətinin - Tam Mətni

-Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir.

Onu da bildirməliyəm ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Misal üçün, əgər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünki orada bütün evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırdı və çox az sayda mülki əhali yaşayırdı. Xaricdən gətirilən ermənilər oraya göndərilmirdi. Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma proqramı icra edilmişdi. Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır.

Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik. Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər.

Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir.

Bir daha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun.

Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır.

Ona görə Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə. Mən deyəndə ki, məsələnin hərbi yolu var, bunu nəzərdə tuturdum. Əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı. Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər.

Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi. Artıq Ermənistan bu dəhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü.

Demək olar ki, bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha demək istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatırlayırıq. Bu gün Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad etmək böyük qələbəmizdir.

Mən bir daha demək istəyirəm, - artıq onu demişəm, - onsuz da biz Laçını da, Kəlbəcəri də, Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var. Kəlbəcər rayonuna əvvəlki, sovet dövründə gedən yol Ağdərə rayonundan keçirdi. Sovet vaxtında bu rayona Mardakert deyilirdi, orada ermənilər yaşayırdı. Başqa yol demək olar ki, yox idi. Biz indi Kəlbəcərə Göygöl və Daşkəsən rayonlarından daxil olmuşuq. Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı.

Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat.

Bu, gələcək perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir.

Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik. Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var, bunlar artıq formalaşıb. Biz məqsədə çatmaq üçün ardıcıl surətdə gedirik. Ermənistan rəhbərliyinin hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir baxışı yox idi. Onlar özləri bilmirdilər nə istəyirlər. Gah deyirdilər ki, Dağlıq Qarabağ “müstəqil dövlət”dir. Gah deyirdilər ki, “Dağlıq Qarabağ Ermənistan”dır. Bu təzadlı fikirlər bir-biri ilə necə uzlaşa bilər? Bu, nəyi göstərir? Onu göstərir ki, Ermənistan rəhbərliyi savadsız, siyasətdən başı çıxmayan insanlardan ibarətdir. Yaxşı, bu, müstəqil dövlətdirsə, onda sənin ordun orada nə iş görür? Əgər bu, müstəqil dövlətdirsə, - hansı ki, heç kim tanımayıb, elə birinci Ermənistan tanımayıb, - o necə ola bilər ki, Dağlıq Qarabağ Ermənistanın baş nazirinin sözləri ilə desək, “Ermənistandır və nöqtə”. Ona görə onların bu məsələ ilə bağlı da açıq-aydın fikri yox idi. Bu idi bizim qarşımızda duran ölkə.

Əlbəttə, biz bir daha görürük və artıq işğaldan azad edilmiş torpaqlarda olarkən bir daha gördüm ki, onlar bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər. Əks-təqdirdə o istehkamları qurmazdılar. Onlar əbədi saxlamaq istəyirdilər o torpaqları. Ona görə o saxta xəritələri düzəldirdilər. Ona görə bizim şəhərlərimizə öz adlarını verirdilər. Ona görə xaricdən erməniləri gətirib oraya yerləşdirirdilər. Hərbi cinayət törədirdilər və cavab verəcəklər bütün cinayətlərə görə. Artıq işlər praktiki fazaya keçibdir. Qiymətləndirmə prosesi tezliklə başlanacaq, vurulmuş ziyan hesablanacaq. Artıq hüquqi müstəvidə addımlar atılır. Mən bunu artıq bildirə bilərəm Azərbaycan xalqına. Hələ ki, detalları açmaq istəmirəm. Amma bu, artıq niyyət deyil, bu, artıq praktiki addımlardır. Biz onları bundan sonra da ifşa edəcəyik.

Prezident çıxışına belə davam edib:

Bildirməliyəm ki, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki, Azərbaycan xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat deyirlər, bəzən noyabrın 10-da. Mən bu bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə ikimiz videokonfrans vasitəsilə Bakı vaxtı ilə noyabrın 10-da imzalamışam. Bizim Rusiya ilə bir saat fərqimiz var. Yəqin ki, bu uyğunsuzluq buna görədir. Ona görə, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Mən imzalanma mərasimindən sonra bu bəyanatı olduğu kimi Azərbaycan xalqının diqqətinə çatdırdım və bir daha göstərdim ki, bizim bütün işlərimiz şəffafdır. Mən xalqın gözü qarşısında bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu Bəyanatın bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırdım. Bu gün isə artıq münaqişə arxada qalandan sonra bu Bəyanatın icrasını şərh etmək istərdim. Deməli, birinci bənddə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir. İkinci bənddə göstərilir ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bu, təmin edildi. Üçüncü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu, təmin edildi. Dördüncü bənddə göstərilir ki, bu Bəyanatın müddəti 5 ildir. Əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu Bəyanat və bu razılaşma uzadılır. Bu, aydın məsələdir. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu Bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmamışdır. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb. Sonra altıncı bənddə göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda Kəlbəcər rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır. Bildiyiniz kimi, Rusiya tərəfi bizə müraciət edərək bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun bizə qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı bəndin bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi.

Yeddinci bənddə göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da önəmli məsələdir. Azərbaycan vətəndaşları Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar, harada ki, onlar əvvəl yaşayıblar. Bu məsələyə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır.

Səkkizinci bənddə göstərilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Artıq bu proses davam edir - həm cəsədlərin mübadiləsi, həm əsirlərin və girovların.

Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni, bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq. Bu doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə, - əminəm ki, baş verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik. Kim bu bəndi buraya salıb? Mən. Bu gün - dekabrın 1-də biz bu işlərin artıq inkişafını görürük. Mən deyə bilərəm ki, artıq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Horadiz-Zəngilan dəmir yolunun, hansı ki, mənfur düşmən dağıdıb, təhlili aparılsın, ilkin hesablamalar aparılsın. Eyni zamanda, Rusiya Federasiyasının nümayəndə heyətinin Azərbaycana etdiyi səfər çərçivəsində, o cümlədən dəmir yollarının bərpası məsələləri müzakirə olunubdur. Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur, 100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə edirik. Çünki Ermənistanda nə var ki, Ermənistanın özünün olsun? Ermənistan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir. Nəyə görə? İşğala görə. O tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib, işğala görə. Nə qazandı? Heç nə. Bu vaxta qədər bütün lazımi tədbirləri gördük. Nəqliyyat, energetika, iqtisadi əməkdaşlıq – bütün layihələri başa çatdırdıq. Dekabrın sonunda Cənub Qaz Dəhlizi artıq tam istifadəyə verilir. Onun son hissəsi olan TAP istifadəyə verilir. Ermənistan, haradasan? Kənarda qalmısan. Bu enerji dəhlizi Ermənistandan yan keçir. Kim keçirdib? Biz. Amma mənim yadımdadır, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunu, – o vaxt mən Dövlət Neft Şirkətində işləyirdim, – müəyyən edərkən bizə nə qədər təzyiqlər oldu, özü də Qərb ölkələrindən. Nə üçün Ermənistandan yan keçir? Bu, Gürcüstandan yox, Ermənistandan keçməlidir. O vaxt aparıcı Qərb ölkələri bizə şərt qoyurdu. Hətta o vaxt biz xarici kreditlərdən çox asılı idik. Yadımdadır, erməni təbliğatı, erməni lobbisi və ermənipərəst xarici dairələr tərəfindən aparılmış kampaniya nəticəsində Dünya Bankı bir il ərzində bizə veriləcək vəsaitin verilməsini təxirə saldı, dayandırdı, müxtəlif bəhanələrlə, guya ekoloji standartlar pozulur. Halbuki bu, cəfəngiyatdır.

Banner

Digər xəbərlər