«Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Artıq hökumətə göstəriş verilmişdir ki, büdcə dürüstləşməsi aparılsın və Milli Məclisə təqdim edilsin».
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Prezident deyib ki, büdcənin artırılması ilk növbədə Vergi Xidmətinin effektiv işi sayəsində mümkün olub: «İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır. Bu da şəffaflıq nəticəsində olmuşdur, yeni idarəetmə nəticəsində olmuşdur. Gömrük sektorunda isə proqnozdan əlavə toplanan vəsait 400 milyon manatdan çoxdur. Hazırda gömrük sahəsində də aparılan islahatlar, əvvəlki dövrlərdə buraxılan nöqsanların aradan qaldırılması prosesi uğurla gedir. Təkcə 3 ay ərzində proqnozdan əlavə 1,5 milyard manat vəsait yığılıbdır. Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq. Ona görə işləri sürətləndirmək və ölkə qarşısında duran digər vəzifələri yerinə yetirmək üçün, hesab edirəm ki, büdcə dürüstləşməsi aparılmalıdır».
Dövlət başçısı büdcəyə əlavə ediləcək məbləği də açıqlayıb: Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər».
Artımın əsas hissəsi Qarabağ və Zəngəzurun yenidən qurulmasına, eləcə də orduya sərf ediləcək:
«Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını göstərdik, öz hərbi potensialımızı göstərdik».
Zrezident deyib ki, müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib, bu işlər davam edəcək: «Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə - ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazım olan digər xərclər də aparılacaq».
Artım nəticəsində Azərbaycan büdcəsi rekord həddə çatacaq: «Bu, bir daha onu göstərir ki, bilirsiniz, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır».