Azərbaycan Ordusunun Qarabaşda apardığı dislokasiya işləri nəticəsində Xocalının indiyədək ermənilərin nəzarətində olan Fərrux kəndi Azərbaycanın nəzarəti altına keçib.
FED.az xəbər verir ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından sonra Fərrux kəndi Rusiya qoşunlarının nəzarət etdiyi hissədə idi.
Qısa olaraq bildirək ki, təxminən 50 evdən ibarət bir kənddir. Kolanı dərəsinin sol tərəfində, Fərrux dağının dibində yerləşir. Kəndin bizdə olmasıyla Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilib.
Fərrux dağı isə Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Fərrux kəndi və eyni adlı yüksəkliyə nəzarətin ələ keçirilməsi nəticəsində Azərbaycan hərbçiləri Əsgəran, Xanabad, Xocalıya, eləcə də Xankəndi, Ağdərə yoluna da nəzarət etmək mümkün olacaq.
Fərrux kəndi Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində yerləşir. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir.
1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.
1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2022-ci il martın 24-də Azərbaycan ordusunun bölmələri kəndə daxil olublar.
Eyni zamanda kəndin erməni əhalisi həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini tərk edib.
Qeyd edək ki, Azərbaycan tanınmış şairi Xəlil Rza Ulutürkün oğlu, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli Fərrux dağının ətəyində, Xanabad kəndində şəhid olub.