Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.
Fərmanla hakimlərin sayı 200 nəfər artırılacaq, sahibkarlıq fəaliyyəti ilə əlaqədar ixtisaslaşmış məhkəmələr yaradılacaq, hakimlərin maaşı yüksəldiləcək, məhkəmə iclaslarının audioyazısı aparılacaq və s.
Fərmanda həmçinin məhkəmələrin sədrlərinə, hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və məhkəmələrə etimadın möhkəmlənməsindən ötrü onlar fəaliyyətlərində ədalətli olsunlar. Habelə qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun qarşısında bərabərliyi və Azərbaycan qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.
“Bu fikir fərmana xüsusi olaraq salınıb və prezident tərəfindən hakimlərə xatırlatmadır”
FED.az xəbər verir ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bütünlükdə müsbət sənəd adlandıran tanınmış hüquqşünas Əkrəm Həsənov deyib ki, icrası gerçəkləşərsə, mövcud durum köklü şəkildə dəyişəcək: “Yazılır ki, hakimlər qanunauyğun fəaliyyət göstərsin. Aydındır ki, hakimlər qanunauyğun fəaliyyət göstərməlidirlər. Bu fikir fərmana xüsusi olaraq salınıb və prezident tərəfindən hakimlərə xatırlatmadır. Azərbaycan güclü prezident hakimiyyəti olan ölkədir. Prezident icra hakimiyyətini həyata keçirir, eyni zamanda da dövlət başçısıdır və dövlət başçısı kimi məhkəmə hakimiyyətinin müstəqilliyinin qarantı da prezidentdir. Hakimlərin vəzifədən kənarlaşdırılmasını parlament həyata keçirir, amma bunu prezidentin təqdimatı ilə edir. Hakimləri yol verdikləri qanunsuzluqlara, nöqsanlara görə prezident vəzifəsindən azad edə bilər”.
Əkrəm Həsənov deyir ki, verilmiş fərman məhkəmə sistemi üçün xəbərdarlıq kimi də qəbul oluna bilər: “Azərbaycanda məhkəmə sistemi heç vaxt belə acınacaqlı vəziyyətdə olmayıb. Bundan o tərəfi yoxdur. Bu cür durum insan haqlarının təminatı üçün təhlükədir, vətəndaşları dövlətdən, hökumətdən narazı salır, həmçinin ölkə iqtisadiyyatının inkişafına ciddi əngəldir. Çünki neft erası bitib, qeyri-neft sektoru inkişaf etdirilməldir. Bu da insanları, sahibkarların hüquqlarının müdafiəsindən keçir. Sahibkarlar, xarici investorlar Azərbaycan iqtisadiyyatına pul qoymaq istəmirlər.
Əkrəm Həsənov
Çünki Azərbaycanda əvvəlki gəlirlər yoxdur. Bir neçə il əvvələ qədər gəlirlər çox olduğundan Azərbaycana pul qoyurdular. İndi isə əvvəlki gəlirlər yoxdur, risklər daha da artıb. Məsələn, 2010-cu ildə xarici investor, sahibkar Azərbaycanda 50 manat sərmayə qoyub 500 manat qazanırdı. Həmin məbləğin 200 manatını məmurlara xərcləyirdi. Bu gün isə həmin gəlirlər yoxdur, hazırda 50 manat sərmayə maksimum 200 manat gəlir gətirir, risklər isə qat-qat artıb. Ona görə də bu gün heç kəs Azərbaycanda sərmayə qoymaqda maraqlı deyil. Xarici investorların ölkəyə cəlb etmə məhkəmə sisteminin müstəqilliyini təmin etməkdən keçir. Fərmanda məhkəmə qərarlarının proqnozlaşdırılan olması nəzərdə tutulur. Bu olduqca vacib məqamdır”.
Əkrəm Həsənov proqnozlaşdırıla bilən məhkəmə qərarları haqda bunları deyib: “Fərmanın 3.2-ci bəndində yazılıb ki, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqenin proqnozlaşdırılan olması təmin edilməlidir. Məsələn, hər bir vətəndaş, vəkil bilməlidir ki, Azərbaycan məhkəməsi borca görə vətəndaşı həbs edir və ya etmir. Xaricdə borca görə ödəniş edə bilməyən vətəndaşı tutmurlar. Ya bu yanaşma tətbiq olunmalıdır, ya da borca görə kimisə həbs edirlərsə, fərq qoymadan borcu ödəməyən hər kəsi həbs etməlidirlər. Məhkəmə hökmləri bu baxımdan proqnozlaşdırılan olmalıdır. Kimsə lüt video çəkdiyinə görə həbs edilirsə, onda belə çəkilişlər edən hər kəs məhkəmə tərəfindən həbs edilməlidir. Hər kəs üçün ümumi, bərabər əsaslı qaydaların bərqərar olması nəzərdə tutulur”.
Əkrəm Həsənov dünyada iqtisadi artım templərinə görə ilk sıralarda olan, avtoritar idarəetmə qaydaları ilə tanınan Sinqapurda, Birləşmiş Ərəb Əmirliklərində məhkəmə qərarlarının proqnozlaşdırıla bilən olduğunu deyib: “Həmin ölkələrdə bu sistem işləyir və hamı bilir ki, qoyduğu pulun məhkəmə sisteminin timsalında qarantı var. Azərbaycanda isə belə deyil. Mülkiyyətini hansısa məmur çox asanlıqla əlindən ala bilər. Fərmanda əsas məqamlardan bir neçəsi əks olunur: məhkəmə qərarlarının dərci; elektron məhkəmə-informasiya sistemi yaranmalıdır; Ali Məhkəmə vahid məhkəmə praktikasını formalşdırmalıdır; məhkəmə qərarları proqnozlaşdırıla bilən olmalıdır.
Bu gün məhkəmələr qərarlarını dərc etmirlər. Vahid məhkəmə elektron sistemi, özü də axtarış sistemi ilə fəaliyyətə başlasa, vəkil hər hansı bir maddənin pozuntusu ilə bağlı məhkəmə qərarlarını axtarıb tapacaq. Həmin qərarı öyrənib məhkəməyə təqdim edəcək, qərarın uyğun verilməsi üçün tələb irəli sürülə biləcək. Bu cür yanaşma məhkəmələrin qərarlarının proqnozlaşdırıla bilən olmasını təmin etməlidir. Bu gün eyni mahiyyətli işlər üzrə Azərbaycan məhkəmələrində çıxarılan qərarlar bir-birinə ziddir. Hər hakim istədiyi kimi qərar verir. Təəssüf, bu gün məhkəmələrdə “örtülü bazar” prinsipləri rəhbər tutulur".
“Prezidentin Vəkillər Kollegiyasına tövsiyəsi real durumdan məlumatlı olmasından xəbər verir”
Tanınmış hüquqşünas fərmanda Vəkillər Kollegiyasına açıq çağırışların olduğuna da diqqət çəkib: “Fərmanda Vəkillər Kollegiyasına tövsiyə olunur ki, vəkillər korrupsiyada iştirak etməsinlər. Bu təsadüfi deyil. Prezidentin Vəkillər Kollegiyasına tövsiyəsi real durumdan məlumatlı olmasından xəbər verir. Hamı bilir ki, vəkillərin bir qismi belə işlərlə məşğul olur. Azərbaycanda çox az vəkil var ki, udduğu işlərin nəticələrini dərc edir. Ona görə belədir ki, işlərin çoxunu pulla udub. Həmin qərarları dərc etsə, vəkil də, hakim də rüsvay olar, hətta həbsə alınarlar”.
“Sahibkar deyir ki, vəkili neyləyirəm, gedib hakimlə özüm danışım”
Əkrəm Həsənov deyir ki, bu gün vəkillər məhkəmələrin verəcəyi qərarları proqnozlaşdıra bilmir: “Vətəndaş vəkilin yanına gəlir, düşdüyü durumu danışır və çıxarılacaq məhkəmə qərarı haqda fikrini soruşur. Vəkil vətəndaşa konkret fikir deyə bilmir. Çünki məhkəmə qərarları proqnozlaşdırılan deyil. Ona görə də vətəndaş, sahibkar deyir ki, vəkili neyləyirəm, gedib hakimlə özüm danışım. Düz də deyir”.
“Məhkəmələr prokurorluqdan qorxur”
Tanınmış hüquqşünas deyir ki, fərman icra ediləcəyi təqdirdə Azərbaycanda ciddi, vacib məhkəmə-hüquq islahatları gerçəkləşəcək: “Nəzərdə tutulan məsələlər həllini tapsa, hakimlərin manevr etmək imkanları olduqca daralacaq. Prezident bu məsələdə israrlıdır. Korrupsiyanın qarşısı qismən də olsa alınacaq. Prokurorluğun işlərə müdaxiləsi azalacaq. Bu gün xüsusən cinayət işlərində məhkəmələr prokurorluqdan qorxur. Fərman icra edilsə, hakimlər prokurorlara deyəcəklər ki, dediyini edə bilmir, ona görə ki, məhkəmənin səs yazısı, müvafiq olaraq məhkəmə iclaslarının protokollaşdırılması aparılır. Məhkəmə qərarı da dərc olunacaq. Yəni həmin qərar dərc olunacaqsa ictimailəşəcək, mətbuat qanunsuz, təsir altında verilən qərarı müzakirəyə çıxaracaq”.
“Hakim bilməlidir ki, rüşvət alsa, azı 15 il, hətta ömürlük həbsə gedəcək”
Fərmanda hakimlərin əmək haqlarının, eyni zamanda məsuliyyətlərinin artırılması da nəzərdə tutulur. Əkrəm Həsənov qeyd edir ki, bu gün Azərbaycanda birinci instansiya məhkəməsində hakim ən aşağısı 5 min manat, Konstitusiya və Ali Məhkəmə hakimləri minimum 20 min manat əmək haqqı almalıdır: “Məhkəmə işçiləri - köməkçilər, katiblər - bu adamlar ali hüquq təhsili alıblar, onların maaşı da azı min manat olmalıdır. Hakim bilməlidir ki, rüşvət alsa, azı 15 il, hətta ömürlük həbsə gedəcək. Həbsə getdisə, əfv olunmayacaq. Fərmanda məsuliyyət məsələsi də var. Hakim yaxşı maaş almırsa, işçisini, köməkçisini dolandıra bilmirsə, dəftərxana xərclərini ödəyə bilmirsə, hansı ədalətdən, rüşvətə bulaşmamaqdan danışmaq olar? Fərmanın 7-ci bəndində yazılır ki, kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsait birbaşa hakimlərin bank hesabına köçürüləcək. Hakim bu gün dəftərxana xərcini çəkə bilmir. Məhkəmə sədrlərindən asılı vəziyyətdədir. Hakim korrupsiyaya bulaşıbsa, rüşvət alırsa, prokurordan qorxacaq, onun dediyini etmək məcburiyyətində qalacaq. Fərmanda Azərbaycan məhkəmələrində islahatların dərinləşməsi üçün olduqca vacib məsələlər nəzərdə tutulub. Məhkəmələrdə audioyazıların aparılması çox vacib məsələdir. Məhkəmələrdə vəsatətlər veririk, şahidlərin yalan danışdığını sübuta yetiririk, amma sonda məlum olur ki, verdiyimiz vəsatət protokollaşdırılmayıb, şahidin ifşa olunması, yalan danışması protokolda yer almayıb. Praktikamda belə məsələlər olub. Hakim də, prokuror da vəsatət verdiyimi bilə-bilə bunu inkar ediblər, istədikləri qərar verilib. Audioyazı aparılsa, belə hallar olmayacaq. Bu fərmanın ən yüksək nöqtəsi audioyazı ilə bağlıdır. Məhkəmələrin iç üzü açılacaq. Vəkillərin necə işlədikləri, öz işlərini görüb-görmədiyi də məlum olacaq. Bunun icrasını səbrsizliklə gözləyirəm. Hakimlər protokollarda öz bildiklərini, istədiklərini yaza bilməyəcəklər".
Əkrəm Həsənov fərmanının icrası ilə bağlı bəzi məmurların müqavimət göstərə biləcəklərinin nəzərə alınmasının vacibliyini də vurğulayıb: “Ona görə də çox ciddi şəkildə fərmanın icrasına nəzarət edilməli, daimi olaraq görülən işlər haqqında prezidentə məlumatlar verilməlidir. Əks halda, fərman kağız üzərində qala bilər, necə ki, ötən ilin sonunda məhkəmə qərarlarının dərci ilə bağlı verilən fərman icra edilməyib”.
Qeyd edək ki, fərmanın icrası üçün 6 ay vaxt verilib. Bu müddət ərzində fərmanda nəzərdə tutulan məsələlər həllini tapmalıdır.