Rumıniyanın Rəqabət Şurası əsas banklararası faiz dərəcəsi olan Robor-un (Rumıniya Banklararası Təklif Olunan Dərəcə) müəyyən edilməsində ittiham olunaraq 10 bankı ümumilikdə 3,73 milyard lei (819 milyon dollar) məbləğində cərimələyib.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, tənzimləyicinin məlumatına görə, «Banca Transilvania», «Raiffeisen Bank Romania», «BRD-Groupe Societe Generale» və «Banca Comerciala Romana» (Erste Group Bank AG-nin yerli bölməsi) daxil olmaqla banklar məxfi məlumatlar mübadiləsi aparıb və istinad dərəcəsini hesablamaq üçün təkliflərini əlaqələndiriblər. «Exim Banca Romaneasca», «CEC Bank», «Libra Internet Bank» və «UniCredit», «ING» və «Intesa Sanpaolo»nun yerli bölmələri də cərimələnib.
Robor - banklar tərəfindən bir-birinə borc vermək üçün istifadə olunur və mərkəzi bankın pul siyasəti ilə sıx bağlıdır. O, həmçinin köhnə ipoteka və kredit xətlərinin ödənilməsi üçün də istifadə olunur.
«Banca Transilvania»nın baş direktoru Ömər Tetik sosial mediada tənzimləyicinin qərarını "maliyyə sisteminin fəaliyyəti və Robor hesablama qaydaları ilə bağlı dərin bir anlaşılmazlıq" adlandırıb və qərardan şikayət verəcəyini bildirib.
Ötən ay Rumıniya Mərkəzi Bankının sədri Muqur İsăresku antiinhisar orqanının qiymətləndirməsini şübhə altına alaraq qeyd edib ki, Robor - pul siyasəti parametrləri və nəzarəti ilə məhdudlaşır və bu da bankların müəyyən edilmiş limitlərdən kənara çıxan faiz dərəcələrinə təsir etməsini çətinləşdirir. Mərkəzi bank nümayəndəsi qərardan apelyasiya şikayəti veriləcəyini və daha sonra məsələnin daha aydın olacağını bildirib.














