Sakinlər icarəyə avtomobil götürərkən nələrə diqqət etməlidirlər?
Bakıda avtomobil icarəsi xidmətləri son illərdə inkişaf etməyə başlayıb. Bu biznes sahəsində əvvəlki illərlə müqayisədə canlanma müşahidə olunur. Əksər vaxt şirkətlər ekonom-klass və premium paketlər təklif edirlər. Onların xidmətlərindən isə həm yerli əhali, həm də turistlər istifadə edir. Bakıda avtomobil icarəsi xidmətləri uğurlu biznesdirmi? İcarə üçün qiymətlər və şərtlər münasibdirmi? FED.az xəbər verir ki, Bakucity.az şəhərimizdəki avtomobil icarəsinə dair sakinləri maraqlandıran suallara cavablar tapmağa çalışıb. Araşdırmamızı təqdim edirik.
Bazarın boş olması şirkətlərin inkişaf etməsinə şərait yaradır
Saytımıza açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, bu biznes növü şəhərimizdə olduqca əlverişli ola bilər:
“Bakı şəhərində maşınların icarəyə verilməsi biznesi ümumi olaraq mənfəətli ola bilər. Bazarın hələ boş olması bu sahədə şirkətlərin inkişaf etməsinə şərait yaradır. Lakin müəyyən məsələlər var ki, onlar avtomobil kirayəsi bazarında problemə çevriliblər. Bu problemlər aşağıdakılardır:
1) bazar hələ kiçikdir;
2) avtomobil icarəsi mədəniyyəti aşağı səviyyədədir və yerli əhali arasında yetərincə qiymətləndirilmir;
3) maşın kirayəsi biznesinə rəqib olan taksi xidmətləri sahəsindəki yüksək rəqabət qiymətlərin aşağı düşməsinə səbəb olur;
4) Əksər istehlakçıların yol və maşından istifadə mədəniyyəti aşağıdır;
5) avtomobil bazarında sığorta sistemi zəif inkişaf edib;
6) turizm zəif inkişaf edib.
Ekspertin sözlərinə görə, ölkədə turizmin tədrici inkişafı bu sahənin inkişafını sürətləndirsə də, turist axınının sabit olmaması satışların və xərclərin tənzimlənməsini çətinləşdirir:
"Maşın kirayəsi biznesinin sonrakı inkişafı keyfiyyətli menecmentin qurulmasından və tələbatın formalaşdırılmasından asılıdır. Yerli bazarın kiçik olması və kirayə maşınlarının əsas istifadəçiləri olan turistlərin ölkəyə gəlişinin istənilən səviyyədə olmaması bazarın qarşılaşdığı əsas çətinliklərdir”, - Xalid Kərimli açıqlamasına yekun vurarkən deyib.
Müştərilər əsasən xaricilərdir
Saytımız Bakıda bu bazarda vəziyyətin necə olduğunu öyrənmək üçün avtomobil icarəsi biznesinin bəzi nümayəndələri ilə də həmsöhbət olub.
“Marshal Rent a Car” şirkətinin meneceri Elvin Abbasov deyib ki, onların xidmətlərinə tələbat kifayət qədər böyükdür:
"Müştərilərimiz arasında azərbaycanlılar da var, amma əsas müştərilər xaricilərdir. Onların arasında isə Ərəb ölkələrindən, Rusiyadan, Türkiyədən olanlar çoxluq təşkil edir. Bundan başqa, biz müxtəlif şirkətlərlə də əməkdaşlıq edirik. Avtomobilin icarəsində şərtlər müddətdən asılıdır. Bütün avtomobillər sığortalanır. İcarəçinin səyahət edəcəyi yerdən asılı olmayaraq (şəhərdə və ya şəhər kənarında), limitsiz kilometr təklif edilir. Əsas tələb girovun ödənilməsidir, həmçinin sürücülük vəsiqəsinin və şəxsiyyəti təsdiq etdən sənədin təqdim edilməsi mütləqdir. İcarənin qiyməti isə gün sayından asılıdır. Günlərin sayı çox olarsa, qiymətdə güzəşt olunur”.
Menecerin dediyinə görə, şirkət icarəyə çox sayda avtomobil markası təklif edir, əksər hallarda isə müştərilər “ekonom klass” sifariş edirlər. Bu kateqoriya üzrə onlara “Hyundai Accent”, “Elantra”, “Prado Pajero” kimi avtomobillər təklif olunur.
"Automile Rent a Car" şirkətinin meneceri Emin Bünyadzadə avtomobil icarəsinin qazanclı olduğunu bildirib:
“Bəzən kiçik qəzalar və yol hərəkəti qaydalarında pozuntular olur, bunlara baxmayaraq, bu biznesin böyük itkilərə səbəb olduğunu deyə bilmərəm. Xidmətlərimizdən istifadə etmək üçün müştərilərin ən az 23 yaşı və 2 illik sürücülük təcrübəsi olmalıdır. 200 manat icarə haqqı öncədən verilməlidir. Xidmətdən yararlanmaq üçün sürücülük və şəxsiyyət vəsiqəsi sənədlərinin təqdim edilməsi kifayətdir. Müştərilərə premium avtomobillər də təklif olunur.
"Rent a Car Baku" şirkətinin meneceri Əsmər Fərəcova da bu biznes sahəsinin gəlirli olduğunu düşünür:
“Günümüzdə bu biznes olduqca sərfəlidir. Bizim yerli və xarici çoxlu müştərilərimiz var. Yeni avtomobillər problemsiz işləyir, köhnə avtomobillərin isə bəzi hissələrini dəyişdirməyə və bunun üçün müəyyən vəsait xərcləməyə ehtiyac yaranır. Bütün hallarda, avtomobillər mütəmadi olaraq texniki baxışdan keçirilirlər. Depozit icarə edilən avtomobilin markasından asılı olaraq ödənilir. Xidmətdən istifadə etmək üçün yaş həddinin 24 olması və ən icarədarın azı 1 illik sürücülük təcrübəsinə malik olması şərtdir.
“Rent Express Rent a Car Baku Company” şirkətindən isə bizə bildirdilər ki, onlar yalnız xarici müştərilərlə işləyirlər. Bakıya gələn, 25 yaşına çatmış və ən azı 2 illik sürücülük təcrübəsi olan xarici turistlər bu şirkətdən avtomobil kirayə edə bilərlər.
Oxucularımıza Bakıdakı avtomobil icarəsinin sutkalıq neçəyə başa gəldiyini göstərən cədvəli təqdim edirik:
Şirkətlərin adı |
Ekanom-klass |
Biznes-klass |
İcarə qiyməti |
“Marshal Rent a Car” |
60 AZN |
450-500 AZN |
300 AZN |
“Automile Rent a Car” |
35 AZN |
200-400 AZN |
200 AZN |
“Rent a Car Baku” |
45 AZN |
350-500 AZN |
200 AZN |
“Best Rent LLC Baku” |
50 AZN |
300-500 AZN |
150 AZN |
“Rent Express Rent a Car Baku” |
55 AZN |
300 AZN |
Araşdırmamızdan bu qənaətə gəldik ki, Bakıda avtomobil kirayəsi biznesi yetərincə yaxşı inkişaf etməyib. Bu xidmətlərə ən çox təlabat duyanlar isə paytaxtın qonaqlarıdır. Ekspertlərin fikrincə, bu istiqamətdə dinamikanın güclənməsi üçün şərait var və bu biznesin yerli iş adamları üçün cəlbedici sahəyə çevrilməsi ehtimalı böyükdür.