Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda vergidən yayınmaq üçün istifadə edilən bəzi üsulları açıqlayıb. FED.az xəbər verir ki, belə üsullardan biri sadələşdirilmiş vergidə istifadə edilirdi: «Sadələşdirilmiş vergi kiçik sahibkarlar üçün nəzərdə tutulur, bunun da məntiqi odur ki, dövlət kiçik sahibkarların dəstəklənməsndə maraqlıdır. Amma bəzi iri sahibkarlar da vergidən yayınmaq üçün bu vergidən istifadə edirdilər»-deyə nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, belə şirkətlər dövriyyələrini bir neçə yerə bölməklə sadələşdirilmiş vergi rejiminə düşürmüşlər: «Bu sahədə müşahidə etdiyimiz əsas mənfi hallardan biri odur ki, kiçik biznes nümayəndəsi olmayan, yəni həqiqi dövriyyələri ildə 200 min manatı aşan şəxslər də dövriyyələrini azaldılması, öz bizneslərini bir neçə adlara qeydiyyat yolu ilə sadələşdirilmiş vergi ödəyicisi olurdular».
Nazir qeyd edib ki, belə şəxslər Azərbaycanda biznesə başlamağın həddən artıq asan olmasından (biznesin açılması sürətinə görə dünyada 9-cu yerdəyik) sui istifadə edərək qısa vaxtda bir neçə vergi ödəyicisi yaradıb və dövriyyələri onların arasında bölüşdürürmüşlər.
Yəni dövlətin iş adamlarına yaratdığı imknalardan bəziləri sui-istifadə edərək vergidən yayınma yolu kimi baxırdılar.
Nazir bildirib ki, belə hallardan ən çox əziyyət çəkənlər də kiçik sahibkarlar idilər. «Orta və böyük bizneslərdən fərqli olaraq onların gəlirləri azdır. Çünki o öz məhsullarını böyük həcmdə ala bilmir, deməli daha yüksək qiymətə alır, onun hər məhsula çəkdiyi xərc də daha yüksəkdir. Dövlət onu dəstəkləmək istəyir, amma bundan da yararlanan böyük sahibkarlar olur».