"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin marşrutunun Ankaraya qədər uzadılması Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlavə iqtisadi canlanmaya səbəb olacaq".
FED.az xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən Asiya - Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlu deyib.
Eləcə də bax: CNN: BTQ Bakı ilə Ankaranı birləşdirəcək
"2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş BTQ dəmir yolu xətti regionun əsas logistika marşrutuna çevrilməkdədir. Bu yolun əsas hədəfi Çindən Avropaya yükdaşımanın ana xəttini təşkil etməkdir. Oktyabrda Çinin Xian şəhərindən yola çıxmış karqo qatarının 12 gündən sonra Çexiyanın paytaxtı Praqaya çatması simvolik hadisə idi. Qarşıdakı aylarda yükdaşımanın həcminin daha da artması gözlənilir.
"Sərnişindaşımaya gəlincə isə, bu məsələ hələ ki, 2-ci plandadır, amma onun baş tutması 2 ölkə arasında sosial hərəkətliliyi sürətləndirə bilər. Qatarın Qarsa çatdıqdan sonra Türkiyənin qərbinə doğru hərəkət etməsi böyük əhəmiyyət daşımaqdadır. Gələn ilin I yarısında Sivas-Ankara marşrutu üzrə sürət qatarının istifadəyə verilməsi planlaşdırılır. Sivasla Qars arasında da dəmir yolu xətti var. Türkiyədə xüsusilə Ankaradan Qarsa gedən “Şərq Eskspess"inə böyük maraq var. BTQ dəmir yolu xəttindən istifadə etməklə “Şərq Ekspress”inin marşrutunu Bakıya qədər uzatmaq mümkündür. Beləliklə də, sosial və mədəni təmaslar arta, dəmir yolu xəttinin keçdiyi şəhərlərdə ciddi iqtisadi canlanma ola bilər”, - deyə o, qeyd edib.
Xatırladaq ki, BTQ dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-u tarixində açılıb. Belə ki, BTQ Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars- dəmir yolunda sərnişin daşınması Ankaraya qədər uzadılması ilə bağlı təkliflər səsləndirilib. Bununla yanaşı, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşımalarında istifadə etmək üçün gələn il Azərbaycana İsveçrənin “Stadler” şirkətinin istehsalı olan daha 10 vaqon gətiriləcək. Səhmdar cəmiyyət BTQ üçün ümumilikdə 20 vaqon alıb və onlardan 10-u artıq Azərbaycan paytaxtındadır.
Marja