Çindən yola düşən daha bir blok qatar Azərbaycana çatıb. FED.az xəbər verir ki, Abşeron Logistika Mərkəzində qatarın qarşılanma mərasimi keçirilib.
Mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Sian şəhəri Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.
Mərasimdə çıxış edən nazir Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Nazir Azərbaycanın Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinə ilk qoşulan ölkələrdən olduğunu vurğulayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxışında blok qatarları ilə yüklərin çatdırılma müddətinin qısaldılması istiqamətində görülən işlərdən, dəmir yolunda aparılan islahatlardan danışıb. Əverişli coğrafi mövqeyə malik, “Böyük İpək yolu”nun üzərində yerləşən Azərbaycanın TransXəzər Beynəlxalq Nğqliyyat Marşrutunun əsas iştirakçısı olduğunu qeyd edib. Ölkəmizin üzərindən keçən yüklərin həcminin daha da artması istiqamətində atılan addımlardan söz açıb.
Qeyd edək ki, “Sian-Bakı” ilk blok qatarı 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir.