Hindistanın “IndiGo Airlines” şirkətinin pilotları yanvarın 28-də “6E 1803” saylı Dehli-Bakı reysini yerinə yetirən zaman “Hava Hərəkətinə Nəzarət”dən (ATC) uçuş icazəsi almayıb.
FED.az xəbər verir ki, mövzu ilə bağlı qalmaqal yaranıb və həmin reysin hər iki pilotu hadisənin araşdırılması müddətində vəzifəsindən kənarlaşdırılıb.
Bildirilib ki, ATC Dehli-Bakı reysi yerinə yetirilən zaman gözləməklə bağlı göstəriş versə də, buna əməl edilməyib. Təyyarə uçuş vəziyyətinə gətirilib və icazəsiz yola düşüb.
Hindistanın Mülki Aviasiya Nazirliyinin tabeliyindəki Mülki Aviasiya Baş İdarəsindən (DGCA) bildirilib ki, müvafiq rəsmiləşdirmə olmadan uçuşların yerinə yetirilməsi əməliyyat intizamı protokollara riayət edilməsi ilə bağlı ciddi narahatlıq yaradır. DGCA-nın məsələ ilə bağlı hərtərəfli araşdırmasının məqsədi prosedurlardakı mövcud səhvləri müəyyən etmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün müvafiq tədbirlər görməkdir.
ATC-nin vəzifəsi hava limanında hava hərəkətinə nəzarət etməkdir. Eyni zamanda ATC uçuş zamanı pilotlara lazımi təhlükəsizlik təlimatlarının verilməsi işini də yerinə yetirir. Uçuşdan əvvəl ATC rəsmiləşdirilməsi mütləqdir, çünki bu, hava limanında təyyarələrin təhlükəsiz qalxması və enməsi üçün lazımdır.
Qeyd edək ki, “IndiGo Airlines" şirkəti Dehli-Bakı-Dehli istiqamətində ilk dəfə ötən ilin avqustun 11-dən birbaşa uçuşlara başlayıb.
Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş "e-visa" sistemi tətbiq olunur. (Report)