Bu ilin sonuna qədər Azərbaycan ərazisi ilə keçən Orta dəhlizlə Çindən 300 konteyner blok qatarı daşınacaq.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin İdarə Heyətinin sədri Rövşən Rüstəmov çıxış edərkən deyib.
Onun sözlərinə görə, qeyd olunan göstərici təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir.
Rövşən Rüstəmov onu da qeyd edib ki, orta hesabla, Orta dəhlizlə blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır.
Onun sözlərinə görə, hazırda Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür. Bu xətt Orta Dəhlizin daha bir qolu olacaq və dəhlizin imkanlarını genişləndirəcək (Apa).