Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edib.
AZAL bu tarixdən Londona uçuşlara - Başlayacaq
FED.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun 25-ci maddəsinə və “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq verilib.
Qərara əsasən, xəstəliyə yoluxma riskinin azaldılması məqsədilə hava gəmisində olan sərnişinlərə profilaktik sanitar-gigiyena tədbirləri (əl gigiyenası, fiziki məsafə (bundan sonra – məsafə), tənəffüs gigiyenası və digər profilaktik tədbirlər) barədə məlumat verilir, habelə hava gəmisində ümumi istifadədə olan səthlər mütəmadi təmizlənəcək və dezinfeksiya ediləcək.
Azərbaycandan yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır.
Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar:
- uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edirlər;
- reysə qeydiyyat zamanı sərnişinlərin (tranzit və transfer sərnişinlər daxil olmaqla) arayışlarının yoxlanılmasını təmin edirlər;
- hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin edirlər və Azərbaycana gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirlər.
Sərhəd nəzarətindən keçərkən arayışı bu qaydaların 2.1.3-cü yarımbəndinin tələblərinə cavab verməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınır, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılır.
Arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin edilir.
Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. Aviaşirkətin qaydalarına əsasən yalnız aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir:
- qadın əl çantası və ya kişi portfeli;
- ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera;
- portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);
- üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
- gül dəstəsi;
- uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi;
- çətir;
- uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar;
- ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.(report)