Vergilər Nazirliyinin səlahiyyəti artırılıb.
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” qanunun tətbiq edilməsi haqqında” fərmanda dəyişiklik edib.
Qanunvericiliyə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.
Eləcə də bax: Azərbaycanda vahid dövlət-biznes elektron reyestri yaradılır - FƏRMAN
Buradakı müvafiq icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi nəzərdə tutulurdu. Fərmanda edilən dəyişikliklə isə bu səlahiyyət Vergilər Nazirliyinə verilib.
“Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə qeyd edilib ki, dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti ilə nəzarət markalarını Maliyyə Nazirliyi deyil, Vergilər Nazirliyi hazırlayacaq.
“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” fərmanda edilən dəyişikliyə əsasən, aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq Maliyyə Nazirliyinə deyil, Vergilər Nazirliyinə həvalə edilib.