Vergilər nazirinin dəyişməsindən 10 günə yaxın vaxt keçib. Lakin hələ də bu sistemdəki “buzlar əriməyib”. Başqa sözlə, dəyişiklikdən sonra sistemdə əməliyyatlar dayandırılıb. Hətta yoxlamalar belə yarımçıq dayandırılıb və hələki onların davam etdirilməsinə göstəriş verilməyib.
Eyni zamanda sahibkarlara tez-tez göndərilən xəbərdarlıq məktubları belə dayanıb. Onlar özləri də bu qeyri-müəyyən vəziyyətdə necə davranmalı olduqları barədə qərar verməkdə çətinlik çəkirlər. Vergi sistemindəki bu durğunluğu “tufanqabağı sükut” da adlandırmaq olar.
Bütün bu süstlüyün arxasında ciddi gözləntilər dayanır. Bildirilir ki, Vergilər Nazirliyinin strukturunda əsaslı dəyişikliklər gözlənilir. Ondan başlayaq ki, Prezidentin sərəncamı ilə yeni vergi naziri təyin edilən Mikayl Cabbarova hələ də ali rəis heyəti üçün nəzərdə tutulan xüsusi rütbə verilməyib. Bu məqam tək vergi orqanlarını deyil, ümumiyyətlə dövlət gəlir inzibatçılığını özündə birləşdirən konkret institusional dəyişikliklərin baş verəcəyini deməyə əsas verir. Belə ki, birinci şəxsin xüsusi rütbəsinin olmaması qalan vergi orqanı əməkdaşlarının xüsusi rütbəsi barədə qeyri-müəyyənlik yaradır.
Əldə etdiyimiz məlumatlara görə, vergi sistemində tətbiq edilən rütbələr ləğv ediləcək. Bundan sonra vergi əməkdaşları işə adi geyimdə gedəcəklər. Çünki onların xidməti uniformalarının da ləğv ediləcəyi bildirilir.
Xatırladaq ki, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnəməyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə tutduqları vəzifəyə görə xüsusi rütbələr verilməlidir. Əsasnamənin 16-cı bəndinə görə, vergi orqanlarına xidmətə qəbul olunan vətəndaşlara və vergi orqanlarının vəzifəli şəxslərinə aşağıda göstərilən xüsusi rütbələr verilir:
1) 3-cü dərəcəli müfəttiş;
2) 2-ci dərəcəli müfəttiş;
3) 1-ci dərəcəli müfəttiş;
4) kiçik vergi xidməti müşaviri;
5) vergi xidməti müşaviri;
6) baş vergi xidməti müşaviri;
7) 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri;
8) 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri;
9) 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri;
10) Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri
Xatırladaq ki, keçmiş vergilər naziri Fazil Məmmədov 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsini daşıyırdı. Lakin yeni Nazir hələ də rütbə almayıb.
Digər məlumata görə, Vergilər Nazirliyi bütövlükdə ləğv oluna bilər. Onun Maliyyə Nazirliyinin tərkibində xüsusi bölmə kimi fəaliyyətini davam etdirəcəyi barədə fikirlər səslənir. Bununla departamentlərin sayının kəskin azalacağı da istisna edilmir. Bununla vergi əməkdaşlarının ixtisarı da qaçılmaz olacaq. Xatırladaq ki, hazırda Türkiyədə də bu modeldən istifadə edilir.
İqtisadçı Qulu İbrahimli isə hesab edir ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin, bəlkə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən strukturlarının, birləşdirilərək yeni Milli Gəlirlər Nazirliyinin və ya buna oxşar digər adda qurumun yaradılması mümkündür: “Bu orqanda xüsusi rütbələr ya olmayacaq, ya da fərqli adlarda olacaq”.
Insider©
Tufanqabağı sakitlik: Vergi rütbələri ləğv edilir?
12:19
14 Dek 2017