Rusiya hökuməti ölkədən divident şəklində xaricə çıxarılan və ofşorlara yatırılan vəsaitlərdən vergi tutacaq.
FED.az xəbər verir ki, bu barədə prezident Vladimir Putin koronavirusun təsiri ilə bağlı xalqa müraciətində bildirib. Onun sözlərinə görə, hazırda bəzi şirkətlər və iş adamları, xüsusilə də Rusiya vətəndaşları Rusiyada qazandıqları vəsaitləri xaricə çıxararaq ofşor hesablara yatırırlar.
«Onlar bu zaman optimallaşdırma deyilən müxtəlif sxemlərdən istifadə edirlər, nəticədə cəmi 2% vergi ödəyirlər, baxmayaraq ki, Rusiyanın sıravi vətəndaşları əmək haqqından 13% vergi ödəyirlər. Ona görə də təklif edirəm ki, ofşorlara gedən pullar 15% vergiyə cəlb edilsinlər»-deyə Putin bildirib.
Rusiya prezidenti hökumətə tapşırıb ki, bu qərarla əlaqədar olaraq ikiqat vrgi tutulması hallarına yol verməmək üçün Rusiyanın belə müqaviləsi olan ölkələri xəbərlar etsinlər və danışıqlara başlasınlar.
«Əgər qarşı tərəf olan ölkə bu yeniliklə razılaşmasa, biz bir tərəfi olaraq bu müqavilədən çıxacağıq»-deyə prezident bildirib.
Bundan başqa, Putin ölkə daxilində də daha varlıların əlavə vergiyə cəlb edilməsini təklif edib. Onun sözlərinə görə, indiyədək dividentdən və qiymətli kağızlara yatırımı olan şəxslərdən vergi tutulmurdu. İndi isə adında 1 milyon rubldan artıq qiymətli kağız olanların illik gəlirlərindən 13% vergi tutulacaq.
«Təkrar edirəm, bu 13% vergi həmin şəxslərin malik olduqları qiymətli kağızların tam məbləğinə deyil, yalnız həmin kağızlardan gələn illik gəlirə tətbiq ediləcək. Bu sadə qərarlar deyil və bunu anlayışla qarşılamağa çağırıram. Amma hətta bu yeniliklərdən sonra da Rusiyanın vergi sistemi əvvəlki kimi cəlbedicidir»-deyə Putin bildirib.