Son vaxtlar müşahidə olunan neftin qiymətinin ucuzlaşması MDB-nin neft ölkələrinin – Azərbaycan, Rusiya və Qazaxıstanın bankların kapitalı və mənfəəti üçün təhlükə yaradaraq onların kredit qabiliyyətinə mənfi təsir edəcək.
FED.az xəbər verir ki, bu barədə «Moody`s Investors Service» reytinq agentliyinin hesabatında bildirilir.
«İqtisadi vəziyyətin bundan sonrakı pisləşməsi bankların aktivlərinin keyfiyyətinin pisləşməsinə səbəb olacaq. Bundan başqa, banklar müştəri vəsaitlərinin kənara axmaması üçün əmanət faizlərini artırmağa çalışacaqlar ki, bu da onların faiz gəlirləri üzrə marjanın azalması ilə nəticələnəcək. Bu öz növbəsində əmanətlərin kütləvi şəkildə milli valyutadan xarici valyutaya çevrilməsinə, Mərkəzi Banklar tərəfindən inflyasiyanın azaldılması üçün uçot dərəcəsinin artırılmasına, eləcə də milli valyutanın dəyərdən düşməsinə səbəb ola bilər» - «Moody`s»un vitse-prezidenti və böyük kredit eksperti Olqa Ulyanova bildirib.
Agentliyin analitikləri bildirir ki, neftin qiymətinin çökməsi hər üç ölkənin milli valyutasının zəifləməsinə, bununla da böyük valyuta aktivlərinə malik olan banklara problem yarada bilər».
«Bu ilin əvvəlindən martın 18-dək rus rublunun məzənnəsi dollar qarşısında 23%, qazax tenqesi isə 14% azalıb. Bu dövrdə Azərbaycan manatının sabitliyi Dövlət Neft Fondunun valyuta vəsaitlərinin satışı hesabına qorunur. Amma əgər qiymətlər indiki rekord aşağı hədlərdə uzun müddət qalsa, Azərbaycan hökuməti milli valyutanı devalvasiya etmək məcburiyyətində qalacaq».
Bununla yanaşı, agentliyini mütəxəssisləri bildirir ki, daha yüksək likvidliyə və kapitala malik olmaları sayəsində, eləcə də dollarizasiyanın azaldılması nəticəsində banklar 2014-2015-ci illə müqayisədə belə risklər qarşısında daha möhkəmdirlər.