Azərbaycan digər ölkələrlə müqayisədə aşağı neft qiymətlərinə daha az həssasdır.
FED.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilir.
“Neft qiymətlərinin düşməsi neft ixrac edən ölkələrin kredit reytinqinə təsir edəcək. Aşağı neft qiymətləri Oman, Bəhreyn, İran, Anqolanın kredit reytinqini azaldacaq, çünki bu ölkələrin neftdən asılılığı çox yüksəkdir və onların neft bazarında hər hansı dəyişikliyə çox həssasdırlar. Bu ölkələrdə likvidlik riski yüksəkdir. Bunlardan fərqli olaraq, Rusiya, Azərbaycan və Qazaxıstanın maliyyə mövqeyi güclüdür və aşağı neft qiymətlərinə qarşı maliyyə həssaslığı daha aşağıdır. Ona görə də bu ölkələr böhrana daha dözümlüdür”.
Proqnozda bildirilir ki, ölkələrin indiyədək yığılmış ehtiyatları neftin qiymətinin azaldığı bu durumda onlara çox kömək edəcək. Azərbaycan, Qazaxıstan, Küveytin likvid maliyyə ehtiyatları onların dövlət borcunu əhəmiyyətli dərəcədə üstələyir və ehtiyatları çox olduğu üçün isə bu ölkələrin maliyyə dayanıqlılığı daha yüksəkdir.
Qeyd edək ki, “Moody's” beynəlxalq reytinq agentliyi Brent markalı neftin qiyməti üzrə qısamüddətli proqnozunu aşağı salıb. Brent markalı neftin orta qiyməti üzrə proqnoz 2020-ci il üzrə 30% azaldılaraq 40-45 dollar, 2021-ci il üzrə isə 15% azaldılaraq 50-55 dollara endirilib. Bununla yanaşı, agentlik neftin qiyməti üzrə ortamüddətli proqnozlarını 50-70 dollar səviyyəsində dəyişməz saxlayıb.