"Təklif amillərinin yüksək qalıcılığını və tələb amilinin qismən aktivləşmə riskini nəzərə alaraq cari ilin sonuna inflyasiya proqnozu yüksəldilmişdir".
Eləcə də bax: Faiz dəhlizinin parametrləri haqqında – MƏRKƏZİ BANKDAN AÇIQLAMA – TAM MƏTN
FED.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının faiz dəhlizinin parametrlərində dəyişikliklərə dair geniş açıqlamasında bildirilir.
Qeyd edilib ki, illik inflyasiya tempi ötən iclasdan bəri artmışdır.
Sentyabrda aylıq inflyasiya 3.1% olmaqla son 80 ayın ən yüksək səviyyəsinə çatmışdır. İllik inflyasiya 2022-ci ilin sentyabrında 15.6% təşkil etmiş, orta illik inflyasiya isə 13.4% olmuşdur. Baza inflyasiya illik 14.2%, orta illik 10.7% olmuşdur.
İllik inflyasiya səviyyəsinin yüksəlməsinə də ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərmişdir. Sentyabrda illik inflyasiyaya 9.4 faiz bəndi ərzaq, 2.5 faiz bəndi qeyri-ərzaq, 3.7 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə vermişdir.
Aparılan təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında əsasən xarici mənşəli xərc amillərinin mühüm rol oynadığını göstərir. Bu amillər daxili istehsal xərclərinə də təsir edir.
Faktiki inflyasiya inflyasiya gözləntilərinin yüksək qalmasına səbəb olur. Sentyabr ayında aparılan sorğulara görə ev təsərrüfatlarının 20%-i növbəti 12 ayda inflyasiya tempinin yüksələcəyini gözləyir. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri sentyabr ayında avqust ayı ilə müqayisədə qeyri-neft sənayesində, ticarət və tikinti sektorunda artmış, xidmətdə isə dəyişməmişdir.
2022-ci ilin sonuna illik inflyasiya proqnozu yüksəldilmişdir. III rübdə faktiki inflyasiyanın gözləntiləri üstələməsi, ticarət tərəfdaşlarında yüksək inflyasiyanın davam etməsi, eləcə də qiymət və tarifləri dövlət tərəfindən müəyyən olunan bəzi xidmətlərin tariflərinin dəyişdirilməsi əsas vermişdir. 2023-cü ildə illik inflyasiyanın 2022-ci illə müqayisədə daha aşağı olacağı proqnozu qüvvədə qalır.