2024-cü ilin dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə cəm olaraq 1 milyard 851,5 milyon manat məbləğində vəsait ayrılacaq.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
2024-cü ilin dövlət büdcəsində kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 109,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
2020-ci illə müqayisədə bu xərclər mütləq ifadədə 247,7 milyon manat və ya 28,7 faiz artıb.
Həmin vəsaitin 507,1 milyon manatı (2023-cü illə müqayisədə 41,3 milyon manat və ya 8,9 faiz çox) Azərbaycan Respublikası ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təchizatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatına yönəldiləcək.
Məqsədli olaraq kənd təsərrüfatı tədbirləri üçün 546,2 milyon manat, baytarlıq tədbirləri üçün 48,5 milyon manat (2023-cü illə müqayisədə 1,0 milyon manat və ya 2,1 faiz çox) məbləğində vəsait proqnozlaşdırılıb.