23 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az xəbər verir ki, hərracda tələb 59,1 mln. Dollar olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Bu hərracdan sonra Azərbaycanda aprel ayında satılan xarici valyutanın həcmi 404 milyon dolları keçib.
Belə ki, aprelin 2-də keçirilən hərracda 74,6 milyon dollar, aprelin 7-də keçirilən hərracda 67,2 milyon dollar, aprein 9-da keçirilən hərracda 55 milyon dollar, aprelin 14-də keçirilən hərracda 56,5 milyon dollar, aprelin 16-da keçirilən hərracda isə 53 milyon dollar xarici valyuta satılıb. Aprelin 21-də keçirilən hərracda tələbat minimuma düşüb - 38,8 milyon dollar, amma aprelin 23-də tələbat yenidən artaraq 59,1 milyon dollar olub.
Son hərracda satılan xarici valyutanın məbləği, son vaxtlar dollara tələbatın yenidən bir qədər artdığını göstərir. Hələlik aprelin yarısının nəticələri məlumdur və bu yanvar və fevral aylarının nəticələrindən daha yüksəkdir. Bununla yanaşı, ajiotajın müşahidə olunduğu mart ayı ilə müqayisədə valyutaya tələbat kəskin azalıb.