2024-cü ilin dövlət büdcəsində dövlət ehtiyatlarının yaradılması üçün 45,0 milyon manat, fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər üçün 20,0 milyon manat məbləğində vəsait proqnozlaşdırııb.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Təhlükəsizlik, sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi üçün 68,7 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Yaşayış məntəqələri ilə bağlı zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 50,0 milyon manat, xüsusi müdafiə olunan sənədlərin (aksiz markalarının) çap edilməsi üçün 15,0 milyon manat, işğaldan azad olunmuş ərazilərdə ödənilmiş kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi üçün 34,7 milyon manat, valyuta konvertasiyası üzrə xərclər üçün 4,0 milyon manat, Azərbaycan Respublikasının maraqlarının beynəlxalq hüquq çərçivəsində qorunması tədbirləri üçün 37,4 milyon manat, “İnsan Hüquqları və Avropa Məhkəməsi qarşısında Azərbaycan Respublikasının maraqlarının müdafiəsi və həmin məhkəmənin icrası ilə bağlı xərclər”in maliyyə təminatı üçün 2,5 milyon manat, “Dövlət təltiflərinin hazırlanması” ilə bağlı xərclərin maliyyə təminatı üçün 3,2 milyon manat vəsait 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuşdur.
2024-cü ilin dövlət büdcəsinin əsas bölmələrə aid edilməyən xərclər bölməsində büdcə təşkilatlarının büdcədənkənar xərcləri üçün 80,0 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.