Azərbaycanda mikro sahibkarlıqla məşğul olan sahibkarlar üçün əsas vergi güzəştlərindən biri ləğv edilir.
FED.az xəbər verir ki, söhbət mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların gəlirlərinin vergiyə cəlb edilməsindən gedir.
Azərbaycanda vergi ödəməyənləri - BİABIR EDƏCƏKLƏR - YENİLİK
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, gəlirlər 20% dərəcə ilə verciyə cəlb edilir. Amma hazırda gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Yəni sahibkarlar üçün 75% güzəşt olduğuna görə, vergi dərəcəsi cəmi 5% tətbiq edilir. Söhbət, o cümlədən xidmət müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsindən gedir.
2024-cü ildə Vergi Məcəlləsinin 102 və 106-cı maddələrinə təklif olunan dəyişikliyə əsasən gələn ildən bu güzəşt yalnız bəzi şərtlər daxilində veriləcək.
Bu güzəşt yalnız o sahibkarlara aid olacaq ki, onların azı 3 əməkdaşı olsun və sosial sığorta haqqı sahəsində borcu olmasın.
Belə ki, layihəyə görə, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən ediləcək.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq siyasətindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrdə gəlir vergisi öhdəliyindən çıxılır.
Həmçinin qeyd olunan vergi güzəştinin vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilməməsi təklif olunur.
Layihədə vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə maliyyə sanksiyalarının tətbiqi - təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın dəyərinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə 40 faizi həcmində nəzərdə tutulub.