Azərbaycanda üzən məzənnə rejimi tətbiq edilir, ancaq onun mexanizmi olan məzənnənin hərracın nəticəsi olaraq müəyyən edildiyini demək olmaz. Çünki həftədə 2 dəfə hərrac keçirilir, 5 dəfə isə məzənnə elan edilir və hərracda olan orta ölçülü məzənnə növbəti günün məzənnəsi demək deyil. Həftə içi hər gün Mərkəzi Bank növbəti günün məzənnəsini elan edir.
Amma bu mexanizmlər özünü doğrultmadı
Bəs, bankların gündəlik rejimdə dollar alması üçün valyuta hərraclarının həftə içi hər gün keçirilməsi mümkündürmü? Aprel ajiotajı da göstərdi ki, hərrac olmadığı günlər dolların satış kursu daha yüksək olurdu.
FED.az bununla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun fikirlərini alıb: “Bununla bağlı bir neçə mexanizm nəzərdən keçirilib. Amma bu mexanizmlər özünü doğrultmadı. Doğrultmamasının da əsas səbəbi mexanizmin qeyri- təkmil olmağından deyil, daha çox situasiyadan asılı oldu. Bizdə çox unikal bir situasiya var ”.
Eləcə də bax: Palata "Günaybank" ilə bağlı məsələyə münasibət bildirib
Bizim unikal situasiya ondan ibarətdir ki...
FED.az-a açıqlamasında ölkənin baş bankiri qeyd edib ki, Azərbaycanın öz unikallığı var: “Əlbəttə biz də istərdik ki, mütəşəkkil bir bazar quraq, orada valyuta satıcıları və valyuta alıcıları üz-üzə olsun və orta ölçülü məzənnə burada formalaşsın. Dövlətin requlyatoru isə hərdən məzənnənin kəskin dəyişməsini gördükdə onun hamarlanması üçün müəyyən addımlar atsın. Bizim unikal situasiya ondan ibarətdir ki, valyutan əsas təklif edən dövlətdir, yəni Neft Fondudur. Hələki məcburuq ki, ilkin mərhələdə biz məhz belə hərrac mexanizmindən istifadə edək”.
Məzənnə üzməlidirmi? Böyük volatillik alınacaq!
Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun sözlərinə görə, bu manatın volatilliyini artıra bilər və nəticə isə təbii ki, psixoloji gərginlik yarada bilər: “Bu ona gətirib çıxara bilər ki, bir gün hərracda çox az valyuta təklifi var, amma bir investor çox böyük həcmdə valyuta alıb xaricə köçürməlidir, həmin gün formalaşacaq kursu təsəvvür etmək olar! Nə dərəcədə prosesi bölsəz, gün ərzində ola biləcək volatilliyi ancaq artıra bilərsiz. Tələb və təklif arasında nisbət assimetriyanı, riskləri artıra bilərsiniz. Kifayət qədər valyuta təklifi olmalıdır ki, hər hansı bir artırıcı valyuta tələbini qarşılaya bilsin. Hər hansı bir səhmdar gün ərzində 30 milyon dollar alsa, tələb böyükdür, təklif azdır. Bu zaman nə olmalıdır, məzənnə üzməlidirmi? Böyük volatillik alınacaq, siz də onu devalvasiya kimi qəbul edəcəksiniz. Ona görə də indi tətbiq edilən mexanizm özünü doğruldur, amma bu demək deyil ki, biz dəyişməməliyik, təkmilləşməməliyik. Bu istiqamətdə düşünürük və prosesləri təkmilləşdirəcəyik ”.
Qorxumuz yenə xarici şoklardır
Əslində hazırda iqtisadiyyatın inkişafı və əhalinin yaşadığı devalvasiya şokundan sonra psixoloji olaraq inamın geri qaytarılması üçün bu vəziyyəti "komfort zona" da adlandırmaq olar. Amma bu komfort zona bizə hansı riskləri yarada bilər? Mərkəzi Bank sədri dəfələrlə öz çıxışında da xarici şokları xüsusi qeyd edir və rubl, lirə ilə bağlı baş verən hadisələr çox uzaqda deyil. Neftin hazırki yüksək qiymətlərində və tədiyyə balansında neft amilinin yaratdığı profisitə görə manatla bağlı qarşıdakı 6 ayda da hər hansı risklər gözlənilmir. Ancaq neftin indiki qiymətlərinə arxayınlaşıb, manatın real qiymətinin tapılması, üzən məzənnə rejiminə keçidi təmin etmək və inflyasiya hədəflənməsi rejiminə keçid üçün Mərkəzi Bankın görəcəyi işlər hələ çoxdur.
Bu işlər görülməsə yüksək neft qiymətlərinin sonundan Mərkəzi Bankın ehtiyatlarının “dib görməsi” kimi 2015-ci il böhranının təkrarlanmayacağına heç kim zəmanət verə bilməz.
İlhamə Abdullayeva
Elman Rüstəmov: “Onu devalvasiya kimi qəbul edəcəksiniz”
09:15
21 İyun 2018