ABŞ-ın dünya siyasətində mövqeyinin güclənməsi ölkənin milli valyutası - dolların dünya iqtisadiyyatında çəkisini artırmaqda, onu bahalaşdırmaqdadır.
FED.az analitiklərə istinadən xəbər verir ki, ötən ilin may ayında Səudiyyə Ərəbistanına 110 mlrd. dollarlıq silah satan və bununla da dünyada silah satışı ilə bağlı rekorda imza atan ABŞ bundan 1 ay sonra (iyun) Qətəri ondan 12 mlrd. dollarlıq silah almağa razı salmışdı.
İndi isə 2 ay davam edən ABŞ-Çin ticarət müharibəsi 1-cinin qələbəsi ilə yekunlaşmaqdadır. Rəsmi Pekin və Vaşinqton arasında əldə olunmuş razılığa əsasən, Çin ABŞ-dan ildə 200 mlrd. dollar (ayda təxminən 17 mlrd. dollar) dəyərində mal alacaq. Bu isə o deməkdir ki, həm indiyə qədər Çinə mal satan başqa ölkələrin bazarı məhdudlaşacaq, həm də ABŞ-dan kənardakı dollar kütləsinin həcmi azalacaq.
Digər tərəfdən isə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) gələn ay uçot dərəcəsini artırması gözlənilir. Amma bu, 2018-ci ilin yeganə faiz artımı olmaya bilər. Əgər analitiklərin gözlədiyi kimi uçot dərəcəsi ilin sonuna qədər 3%-ə çatdırılsa, bu, qlobal maliyyə bazarlarının dövriyyəsindən təxminən 15 mlrd. dollar vəsaitin çıxarılması deməkdir.
Son nəticədə Amerika valyutası digər xarici valyutalar qarşısında nəzərə çarpacaq dərəcədə dəyər qazanacaq. Söhbət ilk növbədə avrodan gedir. Əgər Avropa Mərkəzi Bankının hansısa sürprizləri olmasa, USD/EUR nisbətinin 1-1,1-ə düşəcəyini proqnozlaşdırmaq olar.