Nağd valyutanın alışında və satışında artım yaranıb. FED.az xəbər verir ki, dolların alışı ilə bağlı rəqəmlər artıq birinci devalvasiyadan əvvəlki yəni, 2015-ci ilin yanvar ayının səviyyəsinə çatıb. Dolların satış məbləği isə hələki həmin dövrlə müqayisədə 7 dəfə azdır.
Təbii ki, devalvasiya ajiotajı ərəfəsində dollar satışının həcmi dəfələrlə artdığından sonrakı stabillik dönəmində bu göstərici kəskin endi. Rəqəmlərdə maraqlı tendensiya digər valyuta portfelləri üzrə artımla bağlıdır. Buna səbəb isə təbii olaraq gəlirlərin diversifikasyasına hədəflənərəkı müxtəlif pul nişanlarına müraciətlərin çoxalması və ticarət dövriyyəsinin artıb-azalmasıdır. Xüsusən də avronun alışında 3 dəfəyədək azalma olduğu halda, rus rublunun alışı 2 dəfə artıb. Böyük Britaniya funtunun alışında da artım tendensiyası var və 2018-ci ilin yanvar ayında ötən illərlə müqayisədə ən böyük artım müşahidə olunub.
Dolların kursunun sabitləşməsinə baxmayaraq, azərbaycanlılar yığım vasitəsi olaraq yenə də bu valyutaya müraciət edirlər. 2018-ci ilin əvvəlində dolların alış səviyyəsi 3 dəfə artaraq, 62 milyon 842 min manatdan 195 milyon manata qalxıb.
Nağd xarici valyuta ilə mübadilə əməliyyatlarındakı satış göstəriciləri hələki 2015-ci ilin səviyyəsinə çatmayıb. 2015-ci ilin yanvar ayında dollar satışı 1 milyard 118 milyon olduğu halda, 2018-ci ilin yanvarında bu rəqəm 162 milyon dollar təşkil edib. Digər valyutaların satışında talnız rus rublu 2015-ci ildəki göstəricini üstələyərək, 289 milyon olub.
İlhamə Abdullayeva