“2024-cü ildə dövlət büdcəsinin sair gəlirləri üzrə 388 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır”.
"Büdcə proqnozlaşdırılmasında neft qiymətlərində artımı əsas kimi dəyərləndirməməliyik"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin prioritet istiqamətlərində olan müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərində 17,5 faizi həcmində və ya 6 milyard 421 milyon manat vəsait nəzərdə tutulub: “Bu da 2023-cü illə müqayisədə 366 milyon manat və yaxud 6 faiz çoxdur. Həmin vəsait Müzəffər Ordumuzun qüdrətinin daha da artırılması, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi, silahlı qüvvələrin döyüş hazırlığının və peşəkarlığının yüksəldilməsi, hərbçilərin sosial təminatının, xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində maliyyə təminatını yaradacaq”.