"Birinci rübün başlıca yekunlarından biri ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır".
Eləcə də bax: Dövlət xərclərinə - YENİDƏN BAXILACAQ
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.
"Baxmayaraq ki, artıq Sizin də qeyd etdiyiniz kimi, birinci rübün sonunda bütövlükdə dünya bazarlarında baş verən hadisələr ölkəmizdən də yan keçməyib. Mart ayında baş verən bir qədər tənəzzülə baxmayaraq, ölkədə iqtisadi aktivlik davam edib. İnflyasiya bir qədər artsa da, bu, onunla əlaqədardır ki, karantin şəraitində insanların istehlak fəallığı bir qədər artdı, onlar müəyyən ehtiyatlar yaratdı. İnflyasiya bir qədər artsa da, bizim rəsmi proqnozlardan, təxminən 4,6%-liklik proqnozdan hələ aşağıdır", - deyə o, qeyd edib.
Baş bankirin sözlərinə görə, ixrac gəlirlərimizin, xüsusilə neft ixrac gəlirlərinin bir qədər azalmasına baxmayaraq, bütövlükdə ticarət balansımız profisitlidir və qeyri-neft ixracı birinci rüb ərzində artıb: "Bizi əhatə edən qonşu ölkələrdə, bizim ticarət tərəfdaşımız olan ölkələrdə milli valyutanın məzənnələrində dalğalanmalara baxmayaraq, manatın məzənnəsi rüb ərzində sabit qalıb.
Birinci rübdə Sizin verdiyiniz tapşırıqların icrası nəticəsində bank sektorunda da müsbət dinamika müşahidə olunur. Bütövlükdə rüb ərzində kredit qoyuluşları 2,2% artıb. Lakin bu zaman biznes kreditləri daha yüksək templə - 3,7%, ipoteka kreditləri 4,2% artıb və o cümlədən istehlak kreditləri rüb ərzində 1,9% azalıb".