Bu ilin ilk yarısında bank sektorunda vəziyyət bir qədər pisləşib.
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bildirib. Onun sözlərinə görə, hazırda iqtisadiyyat və bank sistemində böyük həcmdə likvidlik var - təxminən 8 milyard manata qədər.
Eləcə də bax: Bakı sakinləri kredit borclarını - ÖDƏYƏ BİLMİR
«Lakin bəzi hallarda iqtisadiyyatda müəyyən likvidlik problemləri yaranırsa, Mərkəzi Bank buna operativ reaksiya verir və likvidliyi təmin edilir. İlin əvvəlindən maliyyə sektorunda başlayan pozitiv dinamika saxlanılıb».
AMB rəhbəri deyib ki, banklarda biznes kreditləri artıb: «Bank sektorunda da yaxşı start götürmüşdük. Biznes kreditləri 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artmışdır. İstehlak kreditləri isə 4,8 faiz azalmışdır».
Bunnula yanaşı, Elman Rüstəmov bank sektorundakı çətinliklərim etiraf edib: «Bütövlükdə banklarda situasiya bir qədər pisləşib, biz vəziyyəti nəzarətdə saxlayırıq. Mərkəzi Bank situasiyanı tam nəzarətdə saxlayır. Lakin bankların 23 faiz səviyyəsində, yəni, müvafiq normadan iki dəfədən artıq kapital buferi bu gün gözlənilən itkiləri qarşılamağa imkan verir».
AMB rəhbəri bağlanan bankları da xatırladıb: «İkinci rübdə ölkədə maliyyə sağlamlığının gücləndirilməsi istiqamətində radikal addımlar atdıq. Dörd bankın, bir tibbi sığorta şirkətinin lisenziyaları geri çağırıldı. Bütövlükdə bu addımlar operativ olaraq bir ayın içində - aprelin sonunda və may ayının ortalarında atılmışdı. Bütün bu problemləri operativ həll etdik. İyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlandı. Hazırda hər dörd bank üzrə əmanətlər “Kapital Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bugünkü tarixə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılmışdır. Bu məsələ çox ciddi diqqətdədir, nəzarətdədir. Ortaya çıxan məsələləri, problemləri hökumətin də aktiv dəstəyi, köməyi ilə operativ həll edirik».