Vergi Məcəlləsinə edilən dəyişikliklərdə maliyyə amnistiyasının elementləri də, kiçik miqyasda olsa da, əksini tapıb. Bu barədə FED.az-a vergi eksperti Vəli Əliyev bildirib. Onnu sözlərinə görə, Məcəlləyə edilən dəyişikliklər nəticəsində indiyədək sahibkarlarda sənədsiz olan malları rəsmiləşdirmək üçün gözəl fürsət yaranıb.
Vergi Məcəlləsinə dəyişikliklərə əsasən ticarət fəaliyyəti ilə məşğul olan və 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olan şəxslər sahibliyində olan, lakin ilkin alış sənədləri (qaimə, elektrin qaimə-faktura vəs.) olmayan malları rəsmiləşdirmək üçün əla imkan yarandı.
Belə ki, 2018-ci ildə ticarət fəaliyyəti ilə məşğul olan və 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olan şəxslər 2019-cu il yanvarın 1-dən 15 (on beş) gün müddətində sahibliklərində qalan mallar barədə xüsusi müəyyən edilmiş formada məlumatı qeydiyyatda olduqları vergi orqanına təqdim etməklə bu malları leqallaşdıra biləcəklər.
Eləcə də bax: Vergi Məcəlləsinə dəyişikliklər - TƏSDİQLƏNDİ, TAM MƏTN
Həmin məlumat forması malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab ediləcək. Həmin məlumatı təqdim etmiş şəxslər tərəfindən sahibliklərində qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən
hesablanacaq.
Qeyd olunan məqamlar Vergi Məcəlləsinə dəyişiklik haqqında Qanunun keçid müddəalarında əksini tapıb.