Azərbaycanda vergi maliyyə sanksiyaları və cərimələrin kəskin artırılması gözlənilir. FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulur.
Vergi eksperti Vəli Əliyev FED.az-a bildirib ki, dəyişikliyə görə, ümumilikdə müxtəlif pozuntulara görə sanksiyalar bir neçə dəfə, bəzi hallarda 10 dəfə artırılır. Vergidən azad olunan gəliri bəyan etməmək, elektron-qaiməni və vergi hesab-fakturasını təqdim etməmək və sair hallar da maliyyə sanksiyasının tətbiqinə səbəb olacaq. Beləliklə...
57-ci maddə üzrə:
(Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları)
57.1-ci maddədə “Vergi hesabatını” sözləri “Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını” sözləri ilə əvəz edilsin
aşağıdakı məzmunda 57.1-1-ci maddə əlavə edilsin:
“57.1-1. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əmək haqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.”;
57.3-cü maddədə “100” rəqəmləri “1000” rəqəmləri ilə əvəz edilsin;
İndi belədir:
57.3. Bu Məcəllənin 23.1.2-ci və 23.1.2-1-ci maddələrində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, o cümlədən vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
57.4-cü maddədə “təqdim etməyən” sözlərindən sonra “və ya arayışda düzgün olmayan məlumatlar göstərən” sözləri əlavə edilsin;
58-ci maddə üzrə:
(Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları)
58.1-ci maddəyə “vergi ödəyicisinə” sözlərindən sonra “(bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri əlavə edilsin;
aşağıdakı məzmunda 58.1-1-ci maddə əlavə edilsin:
“58.1-1. Bu Məcəllənin 16.1.3-1-ci maddəsində nəzərdə tutulan şəxslər tərəfindən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması onların vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.”;
58.7.1-ci maddədə “400 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 2000” sözləri “1000” rəqəmləri ilə əvəz edilsin;
İndi belədir:
58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 2000 manat məbləğində;
58.7.2-ci maddədə “800 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 4000” sözləri “3000” rəqəmləri ilə əvəz edilsin;
İndi belədir:
58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 4000 manat məbləğində;
58.7.3-cü maddədən “1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə” sözləri çıxarılsın;
İndi belədir:
58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:
58.8.1 pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;
58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında;
58.8.3. qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə sənədlərlə rəsmiləşdirilməyən xərclərin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında.”;
58.9-cu maddəyə “markalanmamasına” sözündən sonra “və ya məcburi nişanlama ilə nişanlanmamasına” sözləri və “aksiz markalarının” sözlərindən sonra “və məcburi nişanlamanın” sözləri əlavə edilsin;
58.10-cu maddədə “1000” ədədi “belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000” sözləri ilə əvəz edilsin;
aşağıdakı məzmunda 58.13-cü – 58.16-cı maddələr əlavə edilsin:
“58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.14. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.15. Bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.
58.16. Bu Məcəllənin 58.8.2-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda topdansatış bazar qiyməti nəzərdə tutulur.”;
60-cı maddə üzrə:
Kredit təşkilatlarına və maliyyə institutlarına tətbiq edilən maliyyə sanksiyaları
60.3.1-ci maddədə “100” rəqəmləri “500” rəqəmləri ilə əvəz edilsin;
İndi belədir:
60.3.1. maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə – hər belə hesab və ya əməliyyat üçün 100 manat məbləğində;
60.3.2-ci maddədə “1000” rəqəmləri “10000” rəqəmləri ilə əvəz edilsin;
İndi belədir:
60.3.2. bu Məcəllənin 16.1.11-4-cü maddəsində göstərilən elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə – 1000 manat məbləğində;
60.3.4-cü maddədə “vergi” sözündən əvvəl “bu Məcəllənin 76-1-ci maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin və həmin maddədə “100” rəqəmləri “1000” rəqəmləri ilə əvəz edilsin;
İndi belədir:
60.3.4. vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulması həmin müqavilələrin tərəfi olan digər dövlətin səlahiyyətli orqanının bildirişinə əsasən aşkar olunduqda – hər belə hesab üçün 100 manat məbləğində.