2001-2016-cı illərdə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar $130,8 mlrd. təşkil edib. Bu barədə fondun 2016-cı il üzrə illik hesabatında deyilir.
Fondun saytında dərc edilmiş hesabata əsasən, qeyd olunan dövrdə daxilolmaların 74,7%-i istifadə edilib, qalan 25,3% və ya $33,15 mlrd. isə yığıma göndərilib.
Fonda daxil olmuş vəsaitlərin əsas hissəsi dövlət büdcəsinə transfert edilib. 2003-2016-cı illərdə ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 71,5 mlrd. manat, o cümlədən 2016-cı ildə 7,615 mlrd. manat təşkil edib.
Ötən ilin sonuna fondun aktivləri $33,147 mlrd. təşkil edir və hesabat ilində 1,3% azalıb.
Hesabata əsasən, 2016-cı ildə ARDNF-in investisiya portfelinin gəlirliliyi 1,92% təşkil edib. Son 10 il ərzində (2006-2016-cı illər) fondun portfelinin orta gəlirliliyi illik 2,19%-ə bərabər olub.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.