Statkom vasitəsilə 2018-ci il üzrə gömrük statistikasının genişləndirilmiş variantı internet vasitəsilə açıqlanıb.
FED.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev “Facebook” sosial şəbəkəsindəki səhifəsində leqallaşma ilə bağlı təbliğatı nəzərə alaraq, 2017 və 2018-ci ili ətraflı müqayisə etməyi qərara aldığını yazıb.
ELƏCƏ DƏ BAX: Azərbaycana yeni qoyun növü gətiriləcək - YENİLİK
İqtisadçı qeyd edib ki, xüsusilə idxalın əmtəə və coğrafi strukturu əsasında idxalın natural həcmində, ümumi dəyərində və məhsulun 1 vahidi hesabı ilə idxalın dəyərində dəyişiklikləri izləmək çox önəmlidir:
“Faktlara baxırsan, nəyin gerçək olduğunu ayırd etmək çox çətindir.
Bir nümunə deyim: 020410 əmtəə kodu təzə quzu ətinə aiddir. 2016-cı ildə bu kod altında ölkəyə 1 kq ətin idxal dəyəri 1 dollar olub, 2017-ci ildə 14 dollara yüksəlib, 2018-ci ildə artıq 17.7 dollar çatıb. Doğrudur, bu kod altında ölkəyə böyük həcmdə məhsul gəlməyib - 6180 dollar dəyərində 350 kq. Amma məsələ kütlə və dəyərdə deyil - 1 kq idxalın orta dünya bazar və daxili bazar qiymətləri ilə müqayisədə nə dərəcədə real görünməsindədir.
Ən maraqlısı odur ki, biz özümüz də bu kod altnda məhsul ixrac etmişik - amma hər kq-ı 6.5 dollara. Eyni məhsulun idxal və ixrac qiyməti arasında az qala 3 dəfə fərq var. Lap idxal dəyərindəki nəql xərclərini nəzərə almasaq belə, fərq 2 dəfədən çoxdur.
Əvvəllər biz idxalın gizlədilməsindən şikayətlənirdik. Gerçəkdən də kq-ı 1 dollara quzu əti idxal etmək olmaz - bu çox ucuzdur. Amma kq-ı 17.7 dollara etmək olarmı - bu da çox baha deyilmi? Məsələn, Comtrade-in məlumatına görə quzu ətinin dünyada ən iri ixracatçılarında ixrac qiyməti 5.5-6.5 dollar olub. Nəql xərclərini də nəzərə alsaq, maksimum 7-8 dollardan söhbət gedir.
Nəsə iddia etmək çox çətindir, amma yaranmış vəziyyətin gömrükdə invoys qiymətlərini nəzərə almadan "minimum qiymət" tətbiqinin nəticəsi olub-olmadığını aydınlaşdırmaq çox önəmlidir. Bu, ictimai nəzarətin fəallaşdırılmasını tələb edən çox vacib məsələdir. Çünki gömrükdə atılan hər addımın nəticəsi əmtəə bazarlarında özünü göstərir.
Bütün məhsullar əsasında bir qiymətləndirmə hazırlayıb paylaşmağı düşünürəm - dəyər və kəmiyyət etibarı ilə gömrük rəsmiləşdirilməsində nələr dəyişib?”.
Quzu ətinin idxalında qəribəlik – BAŞ AÇMAQ OLMUR
20:30
19 Fev 2019