Ermənistan hökuməti ölkə iqtisadiyyatının həqiqi vəziyyətini gizlətməyə çalışsa da, KİV-ə ara-sıra sızan məlumatlar həm işgüzar dairələrdə, həm də bütövlükdə əhali arasında təşvişin hökm sürdüyünü göstərir.
Eləcə də bax: Ermənistanda üzüm istehsalçıları müflisləşirlər
Məlum olduğu kimi, artıq 30 ildir demoqrafik böhran içində olan Ermənistanda əhalinin sayı 3 milyondan da azdır. Ölkədə doğum sayının azlığı müqabilində xaricə axın da get-gedə artır. Belə ki, hələ 2018-ci ildə hər 1 000 nəfərdən 6-sının xaricə getdiyi açıqlanmışdı. Səbəb də aydındır, əmək qabiliyyətli əhali iş tapmadığına görə güzəran dalınca xarici ölkələrə üz tutur.
Bu ilin əvvəllərində baş qaldıran koronavirus epidemiyasının fəsadlarına son günlər Qarabağ cəbhəsində hərbi əməliyyatlar da əlavə olarkən vəziyyət daha da kəskinləşdi. Qonşu Rusiya KİV-nə görə Ermənistanda sentyabr ayında COVID-19 ilə bağlı karantin tədbirləri nəticəsində 1 213 ticarət müəssisəsi bağlanıb, 5058-i isə (cəmi sayının 50 faizi) fəaliyyətini müvəqqəti dayandırıb. Tikinti sektorunda 23 müəssisə bağlanıb, 231-i fəaliyyətini dayandırıb. Daşınmaz əmlak sektorunda da 5 şirkət ləğv edilib, 205 şirkət fəaliyyətini müvəqqəti dayandırıb. Digər növ xidmətlər göstərən şirkətlərin 234-ü ləğv edilib, 1 057-si fəaliyyətini dayandırıb. Elmi-texniki sahəsinə aid 67 müəssisə bağlanıb, 493 müəssisə fəaliyyətini dayandırıb.
Bundan əlavə, 39 inzibati və yardımçı müəssisənin qeydiyyatına xitam verilib, 449 müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb. Ölkənin təhsil sektorunda 21 şirkət ləğv edilib, 136 şirkət fəaliyyətini dayandırıb. Səhiyyə və sosial xidmətlər sektoruna aid 10 müəssisə bağlanıb, 120 müəssisə fəaliyyətini dondurub.
Hərbi əməliyyatların başlaması ilə bağlanan şirkət və müəssisələrin sayı daha da artıb. Belə ki, tam səfərbərlik nəticəsində işçi qüvvənin əksər hissəsi cəbhəyə göndərildisə, dövlət məsrəflərinin artması, həmçinin koronavirusa yoluxmaların, son günlər isə hərbi məğlubiyyətlərin yaratdığı bədbinlik istehlak tələbatına da mənfi təsir göstərməyə bilməzdi. Özəl sektorun əsas etibarilə ticarət və xidmət sahələrinə söykəndiyi Ermənistanda sentyabr ayında, yəni hələ müharibə başlamamış iqtisadi fəaliyyətin ilin əvvəlinə nisbətən 20-22 faiz az olduğu bildirilib. Bu, ciddi geriləmədir və oktyabrda daha da artacağını güman etmək olar.
Hərçənd Maliyyə Nazirliyi də cari ildə dövlət büdcəsinə vergilər üzrə mədaxil hissəsinin doldurulmayacağını təsdiq edib. Belə ki, istehsal sektorunun ciddi böhrana düçar olduğu ölkədə vergitutma sahəsinin geriləməsi labüddür.
Aqrar sektorunda da vəziyyət ürəkaçan deyil. Koronavirus epidemiyası və üstəlik müharibənin başlaması ucbatından payız səpinini nəzərdə tutulmuş həcmdə həyata keçirmək mümkün olmayıb. Yerli KİV-in məlumatlarına görə hazırda emal müəssisələri üzümü 90 dramdan (0,18 ABŞ dollarından), yəni maya dəyərindən ucuz qiymətə qəbul edir. Halbuki ötən il Yerevan Konyak Zavodu üzümün kilosunu 140-150 dramdan qəbul edirdi. Bütün bunlar üzümçülük təsərrüfatlarını müflis olmağa düçar edir. Qeyd edək ki, ötən il Ermənistanın ixracatının 11 faizi spirtli içkilərin payına düşüb. Hazırda üzümün satın alınmasındakı acınacaqlı vəziyyətə görə sözügedən sektorun cari ildə də eyni həcmdə məhsul buraxa biləcəyi inandırıcı deyil.
Hazırda Ermənistan hökumətinin hərbi əməliyyatları dayandırmağa meylli olmayaraq hətta yaşlıları belə cəbhəyə göndərməsi, olan-qalan maliyyə ehtiyatlarını da işğalçılıq məqsədlərinə qurban verməsi yaxın illərdə sahibkarlığa hansısa dəstək göstərə biləcəyi ehtimalını heçə endirir. Həmçinin ölkəyə əcnəbi sərmayələr cəlb etmək də mümkün olmayacaq. Birincisi, işğal etdikləri torpaqlardakı faydalı qazıntı yataqları əllərindən çıxandan sonra əcnəbi sahibkarları maraqlandıra biləcək nəsə qalmayacaq. İkincisi də uzun illərdir yeritdikləri işğalçı siyasət üzündən beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etmədikləri nəticəsində məhsulların xaricə daşınması bahalaşaraq rəqabətcilliyi xeyli dərəcədə zəifləmiş olur.
Güman ki, Ermənistanın bu günkü başbilənləri ölkənin hansı uçurum astanasına gəldiyini, hətta artıq oraya yuvarlanmağa başladığını dərk etməmiş deyil. Lakin görünür, özgə torpaqlarını qamarlamağa o qədər adətkərdə olublar ki, müharibəni uduzduqları gün kimi aydın olsa belə xam xülyaları naminə öz əhalilərinin gələcəyini məhv etməkdən çəkinmirlər.
Qulu Nuriyev - ekspert
(Report)