Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatı açıqlayıb.
Eləcə də bax: “Məzənnə faktorunun inflyasiyaya təsirini gözləmirik”
FED.az xəbər verir ki, 2020-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri 2019-cu ilin yanvar-fevral aylarına nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,4 faiz artıb.
Cari ilin fevral ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin fevral ayına nisbətən 2,9 faiz artıb.
2020-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 5,1 faiz artıb.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından
daha çox bahalaşma yumru düyünün, unun, qarabaşaq və manna yarmasının, vermişel və spagettinin, qoyun və toyuq ətinin, suda bişmiş kolbasanın, sosiska və sardelkanın, təzə balığın, südün, xamanın, kəsmiyin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, çayın, arağın, pivənin və tütün məmulatlarının,
ucuzlaşma isə əsasən dondurulmuş balığın, kərə yağının, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2020-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 101,1 faiz təşkil edib.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından
daha çox bahalaşma ipək parçaların, kişi və qadınlar üçün köynəklərin, cins şalvarların, sulu boyaların, polietilen su borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, keramik plitələrin (kafel, metlax), tozsoranların, elektrik ütülərinin, boşqab, fincan və nəlbəkilərin, sabit şəbəkə telefon aparatlarının, dəftər, qələm və karandaşların,
ucuzlaşma isə əsasən qadınlar üçün qış ayaqqabılarının, təsərrüfat sabununun, planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2020-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 1,4 faiz artıb.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı xidmət növlərindən
daha çox bahalaşma gəlinlik donunun kirayəsi, mebelin, paltaryuyan maşınlarının təmiri, dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, kişilər üçün saç kəsimi xidmətlərinin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.