Banner

İqtisadiyyat

Azərbaycan şirkəti ərəb ölkəsinə - İXRACI DAYANDIRMALI OLUB

Azərbaycan şirkəti ərəb ölkəsinə - İXRACI DAYANDIRMALI OLUB | FED.az
15:45 7 Aprel 2020

Azərbaycandan ərəb ölkələrinə yumurta ixrac edən Hacıqabul Quşçuluq Fabriki ixracını dayandırıb, istehsalını isə aşağı salmalı olub.

Fabrikdən FED.az-a bildirilib ki, koronavirus pandemiya ilə əlaqədar olaraq xaricə yumurta idxalı dayanıb: «Daxili bazarda satış çox zəifdir. Həm satışların azalması, həm də xaricə ixracın dayanması ilə əlaqədar hazırda istehsal olunan yumurtalar anbarlara yığılıb qalıb. Məhsul marketlərə verilsə də, satış çox zəifdir. Hesab edirik ki, zəif satış xəstəliklə əlaqəlidir. İndi hamı evdə qalır, kənara çıxan da SMS-lə gedib-gəlir. İmkanı olan həftəlik ərzağını alıb gətirir, olmayan da ümumiyyətlə, çıxmır. Ona görə də yumurtada istehsal var, satış yoxdur».

Satışların azalması səbəbindən fabrik istehsalı da aşağı salmalı olub: «Fabrikdə ötən il ayda 1 milyon ədəd yumurta istehsal olunurdusa, hazırda bu rəqəm 700 min ədəddir».

Fabrikdən bildirilib ki, hələlik müəssisəyə zərər dəyməyib: «Çünki yumurtalar yığılıb anbara, əgər tələb olarsa, biz onu satışa verəcəyik. Biz məhsulu satışa buraxa bilmirik, əgər onu götürüb atsaq, zərər hesab olunar. Satış var, sadəcə əvvəlki qədər deyil».

Satılmayan yumurtaların köhnəlməsinə gəlincə, fabrik rəsmisi məhsulların xüsusi şəraitdə saxlanıldığını deyib: «Müəyyən variantlar var ki, biz ondan istifadə edib anbarda yumurtaları 20 gün, 1 ay müddətinə saxlayırıq».

Fabrikdən bildirilib ki, bəzi yaşlı işçilər evə buraxılıb, amma digər işçilər çalışır: «Müəssisədə dezinfeksiya işləri aparılır. İş əvvəlki sürətlə olmasa da, gedir».

Fabrikdən bildirilib ki, mövcud vəziyyət fabrikə təsirsiz ötüşməyəcək: «Yumurta istehsal etmək üçün toyuq yemlə təmin olunmalıdır, bunun üçün də quş yemi almaq lazımdır. Bütün bunlar hamısı xərcdir. Əgər vəziyyət belə davam edərsə, işçilərin əməkhaqqısı da gecikəcək, yumurtanın satış qiyməti də aşağı düşəcək, istehsalı da azaldacağıq».

Digər xəbərlər

Banner