Oktyabrın 14-də Bakıda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə III Milli Rəqabət Forumu keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda təşkil olunan tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları, özəl sektorun təmsilçiləri, ictimaiyyətin nümayəndələri o cümlədən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.
Forum ölkədə rəqabət siyasətinin yeni prioritetlərinin müzakirəsi, rəqabət mühitinin inkişafına dair yanaşmaların müəyyənləşdirilməsi, eləcə də dövlət qurumları, tənzimləyici orqanlar, biznes və akademik dairələr arasında fikir mübadiləsinin təşviqi və əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub.
Tədbirin açılışında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, energetika naziri Pərviz Şahbazov, Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edib.
Çıxışlar zamanı rəqabət sahəsində həyata keçirilən hüquqi və institusional islahatların praktikada səmərəli tətbiqinin, onların iqtisadi inkişafa və rəqabət mühitinin yaxşılaşdırılmasına real təsirinin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb.

















